İran Prezidenti Məsud Pezeşkian ölkənin ali dini lideri ayətullah Müctəba Xamenei ilə bu yaxınlarda görüş keçirdiyini bildirib. İran mediasına istinadən yayılan məlumata görə, Pezeşkian görüşün təxminən iki saat yarım davam etdiyini və “etimad və birbaşa dialoq atmosferində” baş tutduğunu deyib.
İran prezidentinin sözlərinə görə, Tehrana qarşı təzyiqlərin əsas məqsədi ölkə daxilində ictimai narazılığı artırmaq, insanları küçələrə çıxmağa sövq etmək və idarəetmə strukturunu zəiflətməkdir. Pezeşkian daha əvvəl də infrastruktur obyektlərinə təzyiq və blokada siyasətinin ictimai narazılığı qızışdırmağa hesablandığını bildirmişdi.
Pezeşkian həmçinin Hörmüz boğazının tam açılması ilə bağlı mümkün danışıqların yalnız dəniz blokadasının aradan qaldırılması şərti ilə aparıla biləcəyini vurğulayıb. Bu mövqe Tehranla Vaşinqton arasında davam edən gərginliyin əsas düyün nöqtələrindən birinin məhz Hörmüz boğazı olduğunu göstərir. “Mehr News”-un məlumatında da İran prezidentinin boğazın açılması üzrə hər hansı danışıqları ABŞ-ın əvvəlcə blokadanı qaldırması ilə əlaqələndirdiyi qeyd olunub.
Son günlər Hörmüz boğazı ətrafında vəziyyət daha da həssaslaşıb. “Reuters”-in məlumatına görə, İran boğazdan keçən gəmilərin hərəkətini idarə etmək üçün yeni mexanizm tətbiq edib və kommersiya gəmilərinin keçid üçün İran hərbçiləri ilə koordinasiya aparmalı olduğunu bildirib.
Bunun fonunda ABŞ və İran arasında müvəqqəti razılaşma ehtimalı da müzakirə olunur. Tərəflər döyüşlərin dayandırılması, Hörmüz boğazı böhranının həlli və daha geniş razılaşma üçün 30 günlük danışıqlar pəncərəsinin açılması üzərində işləyirlər. Lakin əsas fikir ayrılıqları, xüsusilə İranın nüvə proqramı və boğaz üzərində nəzarət məsələləri hələ də həllini tapmayıb.