Venesuelanın keçmiş prezidenti Nikolas Maduro ABŞ-da həbsdə olmasına baxmayaraq, “Barselona”nın oyunlarını izləməyə davam edir.
Bu barədə onun oğlu Nikolas Maduro Guerra İspaniyanın “El País” nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, atası Bruklindəki federal həbsxanadan etdiyi telefon zənglərində ailə, siyasət və futbol barədə soruşur.
Maduro Guerra bildirib ki, aprelin 14-də “Barselona”nın Çempionlar Liqasında “Atletiko Madrid”ə uduzaraq turnirdən kənar qalması atasını məyus edib. Oğlu ilə danışıq zamanı Maduro ilk olaraq “Barsa”nın nəticəsi ilə maraqlanıb və komandanın məğlubiyyətindən sonra narazılığını emosional şəkildə ifadə edib. “El País”-in yazdığına görə, Maduro “Barselona”nın uğursuzluğunu “çox pis nəticə” kimi qiymətləndirib.
Məlumata görə, Maduro hazırda Nyu-Yorkun Bruklin bölgəsində yerləşən Metropolitan Detention Center həbsxanasında saxlanılır və ay ərzində xarici dünya ilə telefonla danışmaq üçün 510 dəqiqəlik limitə malikdir. Oğlu həmin zəngləri qeyd etdiyini və atasının həbsxanada daha çox kitab oxuduğunu, xüsusilə dini mətnlərə maraq göstərdiyini bildirib.
Futbol mediası da bu detalı ayrıca diqqətə çatdırıb. “Elbotola” yazır ki, Maduro uzun müddətdir “Barselona” azarkeşi kimi tanınır və əvvəllər də Kataloniya klubuna simpatiyasını açıq göstərib.