İranın yüksək rütbəli rəsmisi ABŞ-ın İrana qarşı yeni hərbi hücum ehtimalının artdığını bildirib. “Drop Site News”un həmtəsisçisi Ceremi Skahillə danışan rəsmi şəxs deyib ki, Tehranın mövcud qiymətləndirmələrinə görə, Vaşinqtonun növbəti hərbi addımı “ehtimal olunan ssenari” kimi görünür. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın dəniz blokadası qarşıya qoyulan məqsədlərə çatmayıb və bu, Ağ Ev üzərində daha görünən nəticə əldə etmək təzyiqini artırır.
“Drop Site News”un məlumatına görə, iranlı rəsmi bildirib ki, Tramp blokadanı uzun müddət davam etdirə bilməz və buna görə də Vaşinqtonun Hörmüz boğazı və İran sahilləri istiqamətində daha geniş hərbi əməliyyatlara keçməsi ehtimalı artır. Mənbə həmçinin ABŞ və İsrailin İran liderlərinə qarşı yeni sui-qəsd dalğasını birgə həyata keçirə biləcəyini iddia edib. Bu məlumat hələlik ABŞ və ya İsrail rəsmiləri tərəfindən təsdiqlənməyib.
Hörmüz boğazında vəziyyət son günlər daha da gərginləşib. “Reuters”-in məlumatına görə, ABŞ “Project Freedom” əməliyyatı çərçivəsində boğazdan gəmilərin təhlükəsiz keçidini təmin etməyə çalışır. ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper mayın 4-də Amerika qüvvələrinin altı İran katerini məhv etdiyini, həmçinin İranın raket və PUA hücumlarını zərərsizləşdirdiyini açıqlayıb. Tehran isə bu iddiaları rədd edib və ABŞ-ı mülki qayıqları hədəfə almaqda ittiham edib.
“The Guardian” yazır ki, ABŞ-ın “Project Freedom” planı Hörmüz boğazında qalan yüzlərlə gəminin çıxarılmasını hədəfləyir. Lakin gəmiçilik şirkətləri və regional müşahidəçilər əməliyyatın risklərini yüksək qiymətləndirirlər. İran isə icazəsiz xarici hərbi mövcudluğa cavab verəcəyini bildirib.
İran rəsmisinin sözlərinə görə, Tehran mümkün eskalasiyaya cavab üçün region boyunca yeni hədəf siyahıları hazırlayıb və atəşkəs dövründə müdafiə sistemlərini bərpa edib. “Drop Site News” yazır ki, İran tərəfi ABŞ və İsrailin yenidən hərbi əməliyyatlara başlaya biləcəyini nəzərə alaraq cavab variantlarını hazır vəziyyətə gətirib.