Dani Alves 40 min nəfərlik dini tədbirdə çıxış etdi

Braziliyalı sabiq futbolçu Dani Alves Madriddə “Atletiko”nun stadionunda keçirilən böyük xristian tədbirində çıxış edib. O, həbsxana dövründə inancının ona mənəvi güc verdiyini bildirib.

13

Braziliyalı sabiq futbolçu Dani Alves Madriddə “Atletiko”nun stadionunda keçirilən böyük dini tədbirdə çıxış edib. “El Periódico”nun məlumatına görə, tədbirə on minlərlə xristian yevangelist qatılıb və Alves burada həbsxana dövründən, inancından və həyatındakı dönüş nöqtəsindən danışıb. Nəşrin sosial şəbəkə paylaşımında tədbirdə təxminən 35 min nəfərin iştirak etdiyi qeyd olunub.

Alves çıxışında həbsdə olduğu müddətdə inancının ona mənəvi güc verdiyini bildirib. O, dinləyicilərə müraciət edərək “həbsxanada Məsihin onu azad etdiyini” deyib və insanların həyatında üzləşdiyi “divarlar” və “zəncirlər” barədə dini məzmunlu mesaj verib. Bu çıxış sosial şəbəkələrdə geniş yayılıb və sabiq futbolçunun həbsdən sonra dini fəaliyyətlərə daha çox yönəlməsi yenidən gündəmə gəlib.

Dani Alves son aylarda artıq bir neçə dəfə dini tədbirlərdə çıxışı ilə diqqət çəkib. “CNN Brasil” yazır ki, o, 2025-ci ilin oktyabrında İspaniyanın Jirona şəhərindəki Elim Pentekostal Yevangelist Kilsəsində çıxış edərək “Tanrı ilə əhd bağladığını” bildirib. Nəşrin məlumatına görə, Alves həbsdən çıxdıqdan sonra daha sakit həyat tərzi keçirir və sosial şəbəkələrində dini məzmunlu paylaşımlara üstünlük verir.

Alvesin adı son illərdə məhkəmə işi ilə gündəmdə olmuşdu. O, 2024-cü ildə Barselonadakı gecə klubunda qadına qarşı cinsi zorakılıqda təqsirli bilinərək 4,5 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra 2024-cü ilin martında girov müqabilində azadlığa buraxıldı, 2025-ci ilin martında isə Kataloniya Ali Məhkəməsi hökmü ləğv etdi və sübutlarda ziddiyyətlər olduğunu bildirdi. Prokurorluq və zərərçəkmiş tərəfin qərardan şikayət etmək hüququ qalırdı.

42 yaşlı Alves futbol karyerası ərzində “Barselona”, “Sevilya”, “Yuventus”, PSJ və Braziliya millisində çıxış edib. O, futbol tarixinin ən titullu oyunçularından biri kimi tanınır. Hazırda isə sabiq futbolçunun ictimai çıxışlarında dini motivlər və şəxsi dönüş hekayəsi daha çox ön plana çıxır.