“DD Geopolitics” platformasının jurnalisti Kristofer Helali Tehranda Məryəm anaya həsr olunmuş metro stansiyasından paylaşım edib. O, “X” sosial şəbəkəsində yayımladığı görüntülərlə bağlı bildirib ki, stansiyadakı təsvirlərdə iranlıların İsa peyğəmbərin ölümü ilə bağlı öz dini-siyasi baxışını əks etdirdiyi görünür. Paylaşım qısa müddətdə sosial şəbəkələrdə müzakirə doğurub.

Söhbət Tehranın 6-cı metro xəttində yerləşən “Maryam-e Moghaddas” — “Müqəddəs Məryəm” stansiyasından gedir. Stansiya Müqəddəs Sarkis erməni apostol kilsəsinin yaxınlığında yerləşir və İran paytaxtındakı erməni xristian icmasına ehtiram nümunəsi kimi təqdim olunur. “Fides” agentliyinin məlumatına görə, stansiyanın interyeri kilsə memarlığından ilhamlanıb və burada İsa peyğəmbər, Məryəm ana, xristian və erməni simvollarını əks etdirən relyeflər yerləşdirilib.
“Omnes Magazine” yazır ki, İran hakimiyyəti bu stansiyanı Məryəm anaya ehtiram və Tehranda dini icmalar arasında birgəyaşayış simvolu kimi təqdim edib. Məryəm ana həm xristianlıqda, həm də şiə islam ənənəsində hörmət edilən dini fiqur sayılır. Stansiyanın divarlarında xristian motivləri ilə yanaşı, İran və İslam mədəniyyətinə aid elementlər də yer alır.
Bununla belə, Helalinin “İranlılar İsa peyğəmbəri əslində kimin öldürdüyünü təsvir ediblər” şəklində təqdim etdiyi fikir rəsmi izah yox, onun şəxsi şərhi kimi qiymətləndirilməlidir. Açıq mənbələrdə stansiyanın rəsmi konsepsiyası daha çox dini simvolika, Məryəm anaya ehtiram və Tehran erməni icmasının mədəni irsi ilə əlaqələndirilir. Fides-in geniş təsvirində də stansiyanın əsas mesajı xristian və müsəlman simvollarının ictimai məkanda yanaşı təqdim olunması kimi izah edilir.