İran ABŞ-ın müharibənin dayandırılmasına dair 9 bəndlik təklifinə cavab olaraq 14 bəndlik sənəd təqdim edib. “Tasnim” agentliyinin məlumatına görə, cavab Pakistanın vasitəçiliyi ilə Vaşinqtona çatdırılıb və əsas diqqət müvəqqəti atəşkəsin uzadılmasına deyil, müharibənin tam başa çatdırılmasına yönəlib.
Məlumata əsasən, ABŞ iki aylıq atəşkəs təklif edib, lakin Tehran bütün mübahisəli məsələlərin 30 gün ərzində həll olunmasını tələb edir. İran tərəfi hesab edir ki, danışıqların məqsədi müvəqqəti pauza yaratmaq yox, müharibənin dayandırılması üzrə yekun mexanizm formalaşdırmaq olmalıdır.
İranın 14 bəndlik cavabında gələcək hücumların olmayacağına dair təhlükəsizlik zəmanətləri, ABŞ qoşunlarının İran ətrafındakı bölgələrdən çıxarılması, dəniz blokadasının aradan qaldırılması, dondurulmuş İran aktivlərinin açılması, kompensasiyaların ödənilməsi, sanksiyaların ləğvi və Livan da daxil olmaqla bütün cəbhələrdə döyüşlərin dayandırılması kimi tələblər yer alır. Tehran həmçinin Hörmüz boğazı üçün yeni fəaliyyət mexanizminin yaradılmasını istəyir.
“Al Jazeera” yazır ki, Tehran bu təklifi son diplomatik addım kimi təqdim edir və planın məqsədi daimi sülh razılaşmasına aparan çərçivə yaratmaqdır. ABŞ Prezidenti Donald Tramp isə təklifi araşdırdığını, lakin İranla razılaşma əldə olunacağına tam əmin olmadığını bildirib.
Hörmüz boğazı tərəflər arasında əsas mübahisə mövzularından biri olaraq qalır. “Associated Press”-in məlumatına görə, Tehran hazırda Vaşinqtonun son cavabını nəzərdən keçirir, lakin İran rəsmiləri bu mərhələdə nüvə danışıqlarının aparılmadığını bildirirlər. Eyni mənbə yazır ki, İran müharibənin dayandırılması, sanksiyaların ləğvi, ABŞ blokadasının aradan qaldırılması və regiondan Amerika qüvvələrinin çıxarılması kimi şərtləri önə çəkir.
“Reuters”-in məlumatına görə, İranın yeni planı Hörmüz boğazında gəmiçiliyin yenidən açılması və ABŞ blokadasının ləğvi ilə bağlıdır, lakin nüvə proqramı üzrə danışıqların daha sonrakı mərhələyə saxlanılmasını nəzərdə tutur. Bu isə tərəflər arasında əsas fikir ayrılıqlarının hələ də qalmasına işarə edir.