Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ermənistana səfər edəcək. Anadolu Agentliyinin məlumatına görə, Yılmaz mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin VIII Sammitində Türkiyəni təmsil edəcək. Bu, Türkiyədən Ermənistana vitse-prezident səviyyəsində ilk səfər kimi qiymətləndirilir.
Sammit “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik” devizi altında keçiriləcək. Avropa Şurasının məlumatına görə, toplantıda demokratik dayanıqlılığın gücləndirilməsi, əlaqələndirmə layihələri, iqtisadi və enerji təhlükəsizliyi kimi məsələlər müzakirə olunacaq.
Yılmazın İrəvana səfəri Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi baxımından da diqqət çəkir. Ankara və İrəvan arasında diplomatik münasibətlər uzun illərdir tam bərpa olunmayıb, sərhəd isə bağlı qalır. Buna baxmayaraq, son illərdə iki ölkə arasında xüsusi nümayəndələr səviyyəsində təmaslar aparılır.
Avropa Siyasi Birliyinin İrəvan sammiti Ermənistan üçün də mühüm diplomatik platforma hesab olunur. Mayın 4-də keçiriləcək EPC toplantısından sonra mayın 4-5-də ilk dəfə Aİ-Ermənistan sammiti də baş tutacaq. Avropa Şurasının açıqlamasına görə, bu görüşdə Aİ-ni Avropa Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Ermənistanı isə Baş nazir Nikol Paşinyan təmsil edəcək.