İran ABŞ-la sülh danışıqlarının bərpası üçün yeni təklif təqdim edib. Məlumata görə, Tehran əvvəlki mövqeyini yumşaldaraq ABŞ blokadasının danışıqlardan əvvəl dərhal dayandırılması tələbini geri çəkib. Yeni təklifdə Hörmüz boğazı ilə bağlı danışıqların ABŞ blokadasının mərhələli şəkildə yumşaldılması və gələcək hücumların olmayacağına dair zəmanətlərlə eyni vaxtda aparılması nəzərdə tutulur.
MSNews.az xəbəri “The Times of Israel” nəşrinə istinadən verir.
“Reuters”-in məlumatına görə, İranın yeni planı Hörmüz boğazında gəmiçiliyin bərpasını və ABŞ-ın İrana qarşı blokadasının dayandırılmasını nəzərdə tutur, lakin Tehran nüvə proqramı üzrə müzakirələrin daha sonrakı mərhələyə saxlanmasını istəyir. İran rəsmisi bildirib ki, daha mürəkkəb nüvə məsələsinin final mərhələyə keçirilməsi danışıqlar üçün daha əlverişli mühit yaratmaq məqsədi daşıyır.
ABŞ Prezidenti Donald Tramp isə İranın son təklifindən razı qalmadığını deyib. O bildirib ki, Tehran “qəbul edilə bilməyəcək” tələblər irəli sürür. Tramp eyni zamanda hərbi variantı tam istisna etməsə də, “insani baxımdan” diplomatik həllə üstünlük verdiyini söyləyib.
Tərəflər arasında əsas fikir ayrılığı iki istiqamətdə qalır: Hörmüz boğazında gəmiçiliyin tam bərpası və İranın nüvə proqramı. Vaşinqton İranın nüvə silahına sahib olmamasını əsas şərt kimi irəli sürür, Tehran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirir və uranın zənginləşdirilməsi hüququnun tanınmasını tələb edir.
“The Guardian” yazır ki, yeni təklif Pakistan vasitəçiləri üzərindən Vaşinqtona çatdırılıb. Pakistan son həftələr ABŞ və İran arasında əsas vasitəçi rolunu oynayır və tərəflər arasında danışıqların yenidən başlamasına çalışır. Buna baxmayaraq, diplomatik proses hələ də gərgin və kövrək olaraq qalır.