ABŞ administrasiyası Kubada hakimiyyət dəyişikliyi ilə bağlı müxtəlif ssenariləri, o cümlədən hərbi güc tətbiqi ehtimalını gündəmdən tam çıxarmayıb.
“Politico”-ya istinad edən məlumatlarda bildirilir ki, Vaşinqton hazırda əsasən diplomatik təzyiq və iqtisadi islahat tələbləri üzərində dayanır, lakin administrasiya daxilində “kinetik güc” variantının da müzakirə olunduğu iddia edilir.
Məlumata görə, ABŞ Kubadan dövlət müəssisələrinin özəlləşdirilməsi, xarici investisiyalara daha geniş imkan yaradılması, internetə çıxışın artırılması və Amerika enerji daşıyıcılarının idxalı kimi iqtisadi addımlar gözləyir. Vaşinqtonun əsas məqsədi Havana üzərində təzyiqi artırmaqla Kuba hakimiyyətini siyasi və iqtisadi güzəştlərə məcbur etməkdir.
Ağ Ev mayın 1-də Kubaya qarşı yeni sanksiyalar paketini elan edib. Rəsmi açıqlamada Kuba hökumətinin ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün “qeyri-adi və fövqəladə təhdid” yaratdığı bildirilib. Yeni sanksiyalar Kuba hakimiyyəti ilə əlaqəli şəxsləri, qurumları və xüsusilə enerji, müdafiə, maliyyə, mədənçilik və təhlükəsizlik sahələrində fəaliyyət göstərən subyektləri hədəfə alır.
Kuba tərəfi isə Vaşinqtonun addımlarını kəskin tənqid edib. Havana yeni sanksiyaları “kollektiv cəza” kimi qiymətləndirərək onların Kuba xalqına qarşı təzyiq vasitəsi olduğunu bildirib. Kuba rəsmiləri ABŞ-ın bu tədbirlərinin beynəlxalq hüquqa zidd olduğunu və ölkəni qorxutmayacağını bəyan ediblər.
Məsələ ABŞ daxilində də müzakirələrə səbəb olub. Aprelin 28-də ABŞ Senatı prezident Donald Trampın Konqresin razılığı olmadan Kubaya qarşı hərbi addım atmasının qarşısını almağı nəzərdə tutan demokratların təşəbbüsünü bloklayıb. Respublikaçılar hazırda Kubaya qarşı aktiv hərbi əməliyyat aparılmadığını bildiriblər, demokratlar isə enerji blokadası və digər təzyiq mexanizmlərinin Konqres nəzarətindən kənarda qalmasından narahatlıq ifadə ediblər.
Florida ştatındakı kubalı amerikalı icmanın bir hissəsi Kuba kommunist rejiminin tam ləğvini tələb edərək Tramp administrasiyasına daha sərt xətt üçün təzyiq göstərir. Bununla belə, mövcud məlumatlara görə, Ağ Ev hələlik birbaşa hərbi əməliyyatdan çox sanksiyalar, diplomatik danışıqlar və iqtisadi təzyiq kombinasiyasına üstünlük verir.