Gürcüstan və Ermənistan U-20 DÇ-2029-a ev sahibliyi edəcək

FIFA Şurası 2029-cu il U-20 Dünya Çempionatının Gürcüstan və Ermənistanda keçirilməsini təsdiqləyib. Bu, hər iki ölkədə keçiriləcək ilk FIFA turniri olacaq.

12

Gürcüstan və Ermənistan 2029-cu ildə FIFA U-20 Dünya Çempionatına birgə ev sahibliyi edəcək. FIFA-nın açıqlamasına görə, bu, hər iki ölkənin tarixində ilk dəfə FIFA turnirinin keçirilməsi olacaq. Qərar FIFA Şurasının Kanadanın Vankuver şəhərində keçirilən iclasında qəbul edilib.

MSNews.az xəbəri “Armenpress”-ə istinadən verir.

Ermənistan və Gürcüstan futbol federasiyaları turnir üçün birgə namizədliklərini 2024-cü ildə irəli sürmüşdülər. Ermənistan Futbol Federasiyası qərarı “tarixi hadisə” kimi qiymətləndirib. Gürcüstan və Ermənistan futbol qurumlarının birgə bəyanatında isə bunun regional futbol üçün mühüm mərhələ olduğu vurğulanıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə oyunların İrəvan, Vanadzorİcevan şəhərlərində keçirilməsi planlaşdırılır. Daha əvvəl Ermənistan hökuməti beynəlxalq standartlara cavab verən stadion infrastrukturunun yaradılması ilə bağlı işlərin aparıldığını açıqlamışdı.

Turnir Cənubi Qafqazda futbol infrastrukturunun inkişafı və beynəlxalq idman tədbirlərinin regiona cəlb edilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. FIFA U-20 Dünya Çempionatı gələcək futbol ulduzlarının üzə çıxdığı əsas gənclər turnirlərindən biri hesab olunur.