Konqo ABŞ və BƏƏ-nin dəstəyi ilə “Mədən Qvardiyası” yaradır

Konqo Demokratik Respublikası ABŞ və BƏƏ-nin dəstəyi ilə mədən sektorunun təhlükəsizliyini təmin etmək üçün 100 milyon dollarlıq “Mədən Qvardiyası” proqramına başlayıb.

16

Konqo Demokratik Respublikası ölkənin strateji mineral ehtiyatlarını qorumaq üçün yeni hərbiləşdirilmiş “Mədən Qvardiyası” yaratdığını elan edib. Layihə ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə həyata keçiriləcək və ilkin mərhələdə 100 milyon dollarlıq proqram kimi təqdim olunur.

“Reuters”-in məlumatına görə, təşəbbüsə Konqo Demokratik Respublikasının Baş Mədən Müfəttişliyi nəzarət edəcək.

Yeni bölmənin əsas vəzifəsi mədən sahələrinin mühafizəsi, faydalı qazıntıların çıxarıldığı ərazilərdən emal müəssisələrinə və sərhəd-keçid məntəqələrinə daşınmasının müşayiəti, qaçaqmalçılığa qarşı mübarizə və xarici investisiyaların təhlükəsizliyinin təmin edilməsi olacaq. Proqram çərçivəsində “Mədən Qvardiyası” hazırda mədən zonalarında təhlükəsizliyi təmin edən ordu hissələrini tədricən əvəz etməlidir.

Planlara əsasən, 2026-cı ilin dekabrına qədər 2500–3000 nəfərlik ilk heyət hazırlanaraq xidmətə başlayacaq. 2028-ci ilə qədər isə şəxsi heyətin sayının 20 mindən çox olması və bölmənin ölkənin 22 mədən vilayətində fəaliyyət göstərməsi nəzərdə tutulur.

Konqo Demokratik Respublikası dünyanın ən mühüm kritik mineral mənbələrindən biridir. Ölkə kobalt, mis, litium, koltan, qızıl və digər strateji xammallarla zəngindir. Bu minerallar elektrik avtomobilləri, batareyalar, elektronika və müdafiə sənayesi üçün vacib hesab olunur. Yeni təhlükəsizlik təşəbbüsü həm də ABŞ-ın kritik mineral təchizat zəncirlərini şaxələndirmək və Çindən asılılığı azaltmaq strategiyası ilə bağlıdır.

Layihə eyni zamanda Konqo Demokratik Respublikasının şərqində davam edən silahlı münaqişələr fonunda həyata keçirilir. Ölkənin mineral baxımından zəngin bölgələri uzun illərdir silahlı qruplar, qaçaqmalçılıq şəbəkələri və qeyri-qanuni hasilatla bağlı təhlükəsizlik problemləri ilə üzləşir. ABŞ bu təşəbbüsü həm kritik minerallara çıxışın təmin edilməsi, həm də regionda kövrək sülh prosesinin dəstəklənməsi kontekstində nəzərdən keçirir.

Rəsmi Kinşasa üçün “Mədən Qvardiyası” yalnız təhlükəsizlik layihəsi deyil, həm də mədən sektorunda şəffaflıq, izlenəbilərlik və dövlət nəzarətinin artırılması aləti kimi təqdim olunur. Ölkə rəsmiləri hesab edirlər ki, bu addım investor etimadını gücləndirə, qeyri-qanuni mineral axınlarını azalda və beynəlxalq bazarlara çıxarılan xammalın mənşəyini daha şəffaf göstərə bilər.

 

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930