Ağ Evin mətbuat katibi Kerolayn Livittin Ağ Ev Müxbirləri Assosiasiyasının illik ziyafətindən əvvəl işlətdiyi ifadə Vaşinqtonda baş verən silahlı insidentdən sonra sosial şəbəkələrdə geniş müzakirə yaradıb.
Livitt Donald Trampın çıxışını anons edərkən prezidentin nitqinin “klassik Donald Tramp çıxışı” olacağını, “gülməli və əyləncəli” keçəcəyini deyib və “bu axşam zalda bir neçə atəş açılacaq” mənasını verən “there will be some shots fired tonight in the room” ifadəsini işlədib. Burada “shots fired” ifadəsi ingiliscədə adətən kəskin siyasi zarafatlar və sərt ritorika mənasında da işlənir.
MSNews.az “Entertainment Weekly” nəşrinə istinadən xəbər verir.
Lakin bir müddət sonra Vaşinqtondakı “Washington Hilton” hotelində keçirilən tədbir silahlı insidentə görə yarımçıq qalıb. Silahlı şəxs zalın yaxınlığındakı təhlükəsizlik yoxlanışı məntəqəsinə doğru irəliləməyə çalışıb, atəş açılıb və ABŞ Məxfi Xidməti dərhal müdaxilə edib. Prezident Donald Tramp, birinci xanım Melaniya Tramp və digər mühafizə olunan şəxslərin xəsarət almadığı bildirilib.
Hadisədən sonra Livittin sözləri sosial şəbəkələrdə “qorxunc təsadüf” kimi yayılıb. Bununla belə, yayılan məlumatlarda Livittin sözlərinin məcazi mənada işləndiyi və onun real atışma barədə hər hansı məlumatlılığına dair sübut olmadığı vurğulanır.