Araqçinin Pakistan səfəri ABŞ–İran təmaslarını yenidən gündəmə gətirdi

İranın xarici işlər naziri Abbas Araqçi Pakistan, Oman və Rusiyanı əhatə edən diplomatik tura çıxıb. Ağ Ev Uitkoff və Kuşnerin İslamabada yollandığını açıqlasa da, Tehran ABŞ ilə birbaşa görüş planını hələ inkar edir.

12

İranın xarici işlər naziri Abbas Araqçi Pakistan, Oman və Rusiyanı əhatə edən regional diplomatik səfərə çıxıb. Araqçi özü “X” platformasında bu turun məqsədini tərəfdaşlarla ikitərəfli məsələlər üzrə koordinasiya və regional proseslər barədə məsləhətləşmələr kimi təqdim edib.

İran XİN sözçüsü bu marşrut üzrə görüşlərin müharibənin dayandırılması istiqamətində son cəhdlərlə bağlı da məsləhətləşmələri əhatə etdiyini dövlət mediasına bildirib.

Səfərin ən diqqətçəkən hissəsi Pakistan istiqamətidir. “Reuters” və “Axios”-un məlumatına görə, İslamabad ABŞ ilə İran arasında dayanmış diplomatik kanalı yenidən hərəkətə gətirmək üçün vasitəçilik səylərini artırıb. Ağ Ev sözçüsü Kerolayn Levitt bildirib ki, Stiv Uitkoff və Cared Kuşner şənbə səhəri İslamabada yollanaraq İran tərəfini dinləməyə çalışacaqlar. O, əlavə edib ki, əgər təmaslar perspektivli görünərsə, vitse-prezident Cey-Di Vens də Pakistana göndərilə bilər. Donald Tramp isə “Reuters”-ə müsahibəsində İranın ABŞ tələblərini qarşılamağa yönəlmiş bir təklif hazırladığını düşündüyünü deyib, amma həmin təklifin detalları barədə məlumatlı olmadığını vurğulayıb.

Bununla belə, Tehran hələ də birbaşa danışıqlara hazır olduğunu təsdiqləmir. İran XİN sözçüsü “X”-də yazıb ki, İran rəsmilərinin ABŞ nümayəndələri ilə görüş planı yoxdur və Tehranın narahatlıqları Pakistan vasitəsilə çatdırılacaq. Həmin materialda bildirilir ki, Araqçi İslamabadda Pakistanın baş naziri Şahbaz Şərif və digər yüksəkvəzifəli şəxslərlə görüşüb, İran tərəfi isə Vaşinqtonun “maksimalist tələblərini” qəbul etməyəcəyini açıq şəkildə bəyan edib.

Neft bazarı da bu ziddiyyətli siqnallara həssas reaksiya verib. Sülh danışıqlarının taleyi və Hörmüz boğazındakı qeyri-müəyyənlik fonunda Brent markalı neft cümə günü 105,33 dollar, WTI isə 94,88 dollar səviyyəsində bağlanıb. Brent həftə ərzində təxminən 16% yüksəlib. Bu da diplomatik başlıqların hazırda enerji bazarında əsas hərəkətverici amillərdən biri olaraq qaldığını göstərir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
25 aprel 2026