İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli mənbələr Hörmüz boğazının SEPAH-ın dəniz qüvvələrinin “tam nəzarəti” altında olduğunu bir daha bəyan edir.
“Tasnim” agentliyinin 1 aprel tarixli materialında SEPAH-ın bəyanatına istinadla boğazdakı vəziyyətin “qəti və tam şəkildə” onların nəzarətində olduğu bildirilmişdi. İran tərəfi sonrakı həftələrdə də eyni xətti davam etdirib.
“Reuters”-in 17 aprel tarixli xəbərinə görə, yüksək vəzifəli iranlı rəsmi bildirmişdi ki, Hörmüzdən keçən bütün gəmilər hərəkətlərini İranla, o cümlədən SEPAH və İranın Limanlar və Dəniz Təşkilatı ilə koordinasiya etməlidir. Həmin mənbə hərbi gəmilər üçün keçidin hələ də qadağan edildiyini də demişdi. Bu da Tehranın boğaz üzərində faktiki nəzarət iddiasını praktik qaydalarla gücləndirməyə çalışdığını göstərir.
ABŞ müdafiə naziri Pit Heqset açıq şəkildə bəyan edib ki, “Hörmüz boğazından dünyanın istənilən nöqtəsinə heç kim ABŞ Hərbi Dəniz Qüvvələrinin icazəsi olmadan üzə bilməz”. ABŞ tərəfi həmçinin İran limanlarına qarşı blokadanın genişləndirildiyini və 34 gəminin geri döndərildiyini bildirib. Yəni hazırda boğaz üzərində qarşılıqlı və bir-birini inkar edən nəzarət iddiaları mövcuddur.