İran dövlət televiziyasının müharibə yenidən alovlanacağı halda Körfəz ölkələrində vurula biləcək enerji obyektlərinin yeni siyahısını yayımladığı barədə məlumatlar yayılıb.
Bir sıra ikinci dərəcəli xarici mənbələrə görə, IRINN efirində Qətərdə “RasGas” və “Ras Laffan” LNG obyektləri, BƏƏ-də “Das” və “Zirku” adaları, Səudiyyə Ərəbistanında “Abqayq”, “Səfaniyə” və “Xurays”, Küveytdə isə “Burqan” yatağı mümkün hədəflər kimi göstərilib. Ancaq bu konkret siyahını böyük beynəlxalq agentliklər ayrıca və müstəqil şəkildə təsdiqləmir.
MSNews.az xəbəri “B92.net” nəşrinə istinadən verir.
Bununla belə, xəbərin ümumi istiqaməti əvvəlki hadisələrlə uyğun gəlir. “Reuters” martın 18-də yazırdı ki, İranın Cənubi Pars və Əsaluyədəki qaz obyektləri vurulduqdan sonra Tehran Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdə bir sıra enerji obyektlərinin “yaxın saatlarda” hədəfə çevrilə biləcəyi barədə xəbərdarlıq edib. Həmin vaxt “Reuters”-in istinad etdiyi dövlət və yarı-rəsmi İran mənbələrində Samref neft emalı zavodu, Jubail neft-kimya kompleksi, BƏƏ-də Al Hosn qaz yatağı, Qətərdə Mesaieed və Ras Laffan kimi obyektlərin adı çəkilirdi.
Sonrakı günlərdə bu təhdidlərin bir hissəsi real zərbələrə çevrilib. Martın 19-da İranın hücumları nəticəsində Qətərdə Ras Laffanda ciddi ziyan yarandığını, Səudiyyə Ərəbistanında Samref istiqamətinin vurulduğunu, BƏƏ-də qaz obyektlərinin dayandırıldığını və Küveytdə iki neft emalı məntəqəsində yanğın baş verdiyini yazmışdı. Aprelin 5-də isə “Reuters” İran İnqilab Keşikçilərinin BƏƏ, Küveyt və Bəhreyndə neft-kimya obyektlərinə zərbələri öz üzərinə götürdüyünü bildirmişdi.