Qalibaf: “ABŞ blokadanı ləğv etməsə, Hörmüzdə hərəkət məhdudlaşdırılacaq”

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ blokadası davam edərsə, Hörmüz boğazında hərəkətin məhdudlaşdırılacağını bildirib.

23

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazı ilə bağlı gərgin ritorika ilə çıxış edərək bildirib ki, boğaz hazırda İranın nəzarəti altındadır və ABŞ blokadası davam edərsə, hərəkət mütləq məhdudlaşdırılacaq. Onun sözlərinə görə, Vaşinqtonun son qərarları “düşüncəsiz və cahil addım”dır. Qalibaf həmçinin iddia edib ki, ABŞ-ın mina təmizləmə cəhdinə İran qəti cavab verib və vəziyyət birbaşa qarşıdurma həddinə qədər gərginləşib.

Bu barədə “Arab News”“The Guardian”-a istinadən MSNews.az xəbər verir.

Qalibaf çıxışında bildirib ki, əgər hazırda boğazda müəyyən hərəkət qalırsa, bu, yalnız İranın nəzarəti sayəsində mümkündür. O, ABŞ-ın blokada siyasətini sərt tənqid edərək “biz keçə bilmiriksə, başqalarının da keçməsi mümkün deyil” mesajını verib. İran tərəfi Vaşinqtonla danışıqlarda əsas fikir ayrılıqlarından birinin məhz, Hörmüz boğazı olduğunu bildirir.

İran parlamenti sədrinin çıxışının ən sərt hissəsi hərbi iddialarla bağlı olub. Qalibaf deyib ki, İran son dövrdə təxminən 180 pilotsuz uçuş aparatını vurub və F-35 təyyarəsinin vurulmasının “təsadüf olmadığını” göstərib. O, həmçinin İranın hərbi baxımdan ABŞ-dən daha güclü olmadığını etiraf etsə də, asimmetrik müharibə və planlama sayəsində rəqibi geri çəkilməyə məcbur etdiyini iddia edib.

Qalibaf eyni zamanda Vaşinqtonu qərarlarını İsraildən gələn yanlış məlumatlar əsasında verməkdə ittiham edib və düşmənin İranın hava qüvvələrini, raket imkanlarını, donanmasını sıradan çıxarmaq, eləcə də Hörmüzü açmaq planlarında uğursuz olduğunu bildirib. Sonda isə o, “ən kiçik səhvə” belə güclü cavab verəcəklərini və şəhid olmağa hazır olduğunu deyib.