İsraillilər Almaniya vətəndaşlığına daha çox üz tutur

İsrail vətəndaşlarının Almaniya pasportuna marağı artır. Berlin başda olmaqla bir sıra bölgələrdə vətəndaşlıq alan israillilərin sayında ciddi yüksəliş qeydə alınıb.

21

İsrail vətəndaşlarının Almaniya vətəndaşlığına marağı son illərdə nəzərəçarpacaq dərəcədə artıb.

“Artı49” nəşrinin məlumatına görə, xüsusilə Berlin şəhərində Almaniya vətəndaşlığı alan israillilərin sayı 2024-cü ildə 202 nəfərə çatıb və bu, əvvəlki illərlə müqayisədə ciddi artım hesab olunur. Eyni zamanda, Berlində yaşayan israillilərin sayının da yüksəldiyi bildirilir.

Xəbərlərdə qeyd olunur ki, bu artımın əsas səbəbləri arasında İsraildəki təhlükəsizlik narahatlıqları, siyasi qeyri-müəyyənlik və Almaniyada qüvvədə olan hüquqi mexanizmlər göstərilir. Məlumata əsasən, Almaniyada nasist dövründə təqibə məruz qalan şəxslərin və onların nəslinin vətəndaşlıq əldə etməsini asanlaşdıran qaydalar müraciətlərin artmasına təkan verib. Almaniya rəsmiləri də bu kateqoriya üzrə naturalizasiya imkanlarının mövcud olduğunu rəsmi şəkildə təsdiqləyir.

Həmçinin bildirilir ki, artım yalnız Berlinlə məhdudlaşmır. Hamburq və Bavariya kimi bölgələrdə də Almaniya vətəndaşlığı alan israillilərin sayında yüksəliş qeydə alınıb. Bu tendensiya Almaniyada İsrail mənşəli şəxslərin pasport və hüquqi status baxımından daha sabit alternativlər axtardığını göstərir.