Azərbaycan Prezidenti İlham Əliyev 13 aprel 2026-cı il tarixli sərəncamla Orxan Rəcəb oğlu Səttarovu Prezidentin Mətbuat katibi təyin edib. Sərəncam imzalandığı gündən qüvvəyə minib.
Rəsmi mənbələrdə Orxan Səttarovun son dövrdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri kimi fəaliyyət göstərdiyi görünür. Onun adı 2023-cü ildə Çində keçirilən Dünya Media Sammitində iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində də bu vəzifə ilə təqdim olunub.
Media resurslarında yayılan bioqrafik məlumatlara görə, Orxan Səttarov daha əvvəl “Vestnik Kavkaza” informasiya-analitik agentliyi ilə də bağlı olub və həmin platformada analitik yazılarla çıxış edib. Onun adı daha əvvəl Trend materiallarında da “Vestnik Kavkaza”nın Avropa bürosunun rəhbəri kimi çəkilib. Bu, Səttarovun media və analitika sahəsində formalaşmış təcrübəyə malik olduğunu göstərir.
Qeyd edək ki, Prezidentin əvvəlki Mətbuat katibi Azər Məhəmməd oğlu Qasımov 17 fevral 2025-ci ildə vəzifəsindən azad edilmişdi.