Mirşaymer: “İran müharibəsi Yaponiya və Cənubi Koreya üçün nüvə dərsidir”

Çikaqo Universitetinin professoru Con Mirşaymer bildirib ki, İran müharibəsi nüvə çəkindiriciliyinin əhəmiyyətini yenidən göstərib və Yaponiya ilə Cənubi Koreya ABŞ təhlükəsizlik çətirinin etibarlılığı barədə daha ciddi düşünməlidir. 

12

Çikaqo Universitetinin professoru Con C. Mirşaymer İran ətrafındakı müharibənin əsas dərslərindən birinin nüvə çəkindiriciliyinin həlledici rolunu yenidən ortaya qoyması olduğunu bildirib.

O, son çıxış və müsahibələrində ABŞ-ın Yaxın Şərqə resurs yönəltməsinin Yaponiya və Cənubi Koreya kimi müttəfiqlərdə Vaşinqtonun təhlükəsizlik zəmanətlərinin etibarlılığı barədə yeni suallar yaradacağını vurğulayıb. Bu mövzu artıq regionda real debatdır:

Mirşaymerin 10 aprel çıxışının açıq transkriptində o, “Cənubi Koreya və ya Yaponiya kimi” ABŞ müttəfiqlərinin artıq Amerika təhlükəsizlik çətirinin etibarlılığına şübhə ilə baxa biləcəyini deyir. Eyni zamanda, onun “Tramp üçün yeganə çıxış yolu təslim olmaqdır” tezisi onlayn yayılan son media çıxışlarında geniş dövriyyəyə buraxılıb; “Breaking Points” platformasında onun iştirakı ilə yayımlanan epizod məhz, bu başlıqla təqdim olunub.

Bu açıqlamalar ABŞ və İran arasında İslamabadda başlayan birbaşa danışıqlar fonunda səslənir. Hazırda tərəflər kövrək atəşkəs şəraitində danışıqlar aparır; əsas gündəm maddələri arasında Hörmüz boğazı, İranın nüvə proqramı və regional təhlükəsizlik məsələləri var. Bu da Mirşaymerin fikirlərini sadəcə nəzəri şərh yox, davam edən böhran fonunda verilmiş geosiyasi xəbərdarlıq kimi önə çıxarır.