Rusiyada yayılan son məlumatlara görə, mitropolit İlarion insanlara “yadplanetli” kimi görünən varlıqların əslində başqa ölçülərdə mövcud olan mənəvi mahiyyətlər ola biləcəyini deyib.
“Gazeta.ru” və “Vechernyaya Moskva” yazır ki, o, Karlovı Varıda etdiyi moizədə bu varlıqların başqa planetlərdə yox, “başqa ölçülərdə” olduqlarını və insanlara mələklər obrazında görünə bildiklərini bildirib.
İlarionun sözlərinə görə, Kilsə bu cür varlıqların mövcudluğunu “çoxdan tanıyır” və onları kosmik sivilizasiya kimi deyil, ruhani varlıqlar kimi izah edir. Bu baxımdan, “yerdənkənar həyat axtarmağın mənası yoxdur” fikri onun çıxışının əsas xəttini təşkil edir.
Maraqlıdır ki, İlarion bu mövzuda əvvəllər daha sərt mövqe səsləndirmişdi. “RİA Novosti” 2020-ci ildə onun Bibliyada yadplanetlilərdən bəhs edilmədiyini əsas gətirərək yerdənkənar sivilizasiyaların mövcudluğunu qəbul etmədiyini, UFO və “yadplanetli” hekayələrini isə “şeytani təzahürlər” və ya demonlarla əlaqələndirdiyini yazmışdı. Bu mənada son bəyanat onun əvvəlki ritorikasından müəyyən fərqlənmə kimi görünür: indi o, “yadplanetli” anlayışını birbaşa inkar etməkdən çox, onu mələklər və ruhani aləmlə əlaqələndirir.