“Handala” Herzi Halevinin cihazlarını sındırdığını iddia edir

İranla əlaqələndirilən “Handala” haker qrupu keçmiş İsrail Baş Qərargah rəisi Herzi Halevinin cihazlarını sındırdığını və foto-video materiallar yaydığını iddia edib. Rəsmi təsdiq hələ yoxdur.

18

İranla əlaqələndirilən “Handala” haker qrupu İsrail Ordusunun keçmiş Baş Qərargah rəisi Herzi Haleviyə məxsus cihazları ələ keçirdiyini iddia edib və onunla bağlı foto-video materiallar yayıb.

“The Times of Israel” yazır ki, qrup saytında Halevinin “ən gizli görüşlərindən” 19 mindən çox məxfi foto və video topladığını irəli sürüb.

Yayılan materiallarda Halevinin hərbi bazalara səfərləri, pilotlarla görüşləri, müşavirələri və ailə həyatına aid görüntülər yer alır. Eyni mənbəyə görə, sızdırılan materiallar arasında Halevinin İordaniyada iordaniyalı həmkarı general-mayor Yusif Huneiti ilə görüşünü və 1967-ci il Altıgünlük müharibədə həlak olmuş iordaniyalı əsgərə aid xəncəri təqdim etməsini əks etdirən foto və video da var. Habelə Qətərdə ABŞ Mərkəzi Komandanlığının keçmiş rəhbəri Maykl Kurilla ilə görüşdən görüntülər də yayımlanıb.

Hazırda bu sızmanın miqyası və texniki mahiyyəti müstəqil şəkildə tam təsdiqlənməyib. The Times of Israel” qeyd edir ki, Halevi və ya İsrail Ordusu tərəfindən hələlik dərhal rəsmi şərh verilməyib.

Qrupun kimliyi ilə bağlı da müəyyən konsensus var. “Check Point Research”-in 12 mart 2026-cı il tarixli araşdırmasına görə, “Handala Hack” İran Kəşfiyyat Nazirliyi ilə əlaqəli sayılan Void Manticore / Red Sandstorm / Banished Kitten aktorunun onlayn personasıdır və o, İsrailə qarşı çoxsaylı “hack-and-leak” əməliyyatlarında istifadə olunub.