Küveyt ordusu aprelin 8-i səhər saatlarından etibarən İran mənşəli pilotsuz uçuş aparatlarının yeni dalğasına cavab verdiyini bildirib.
“Reuters“-in məlumatına görə, hücumlar yerli vaxtla saat 08:00-dan başlayıb və bəzi dronlar ölkənin həyati əhəmiyyətli neft obyektlərini, elektrik stansiyalarını və suyun duzsuzlaşdırılması müəssisələrini hədəfə alıb. Küveyt tərəfi infrastruktur ziyanının yarandığını açıqlayıb.
Küveyt Müdafiə Nazirliyinin məlumatına istinad edən “Wall Street Journal” isə hava hücumundan müdafiə sistemlərinin səhər dalğasında ümumilikdə 28 pilotsuz uçuş aparatına cavab verdiyini yazıb. Həmin məlumata görə, dronların böyük hissəsi zərərsizləşdirilsə də, bəzi hədəflərdə məhdud ziyan qeydə alınıb.
Bu insident ABŞ, İran və İsrail arasında elan olunmuş iki həftəlik kövrək atəşkəs fonunda baş verib. Razılaşmaya baxmayaraq bölgədə hərbi gərginlik tam dayanmayıb və Körfəz ölkələrində, o cümlədən Küveyt və BƏƏ istiqamətində yeni hücumlar barədə məlumatlar yayılıb. Bu da atəşkəsin hələ sabit və tam işlək mexanizmə çevrilmədiyini göstərir.
BƏƏ ilə bağlı məlumatlara gəlincə, ümumi şəkildə Körfəz ölkələrinin dron və raket hücumları ilə üzləşdiyini yazılır. “Wall Street Journal” isə BƏƏ-nin də atəşkəs elanından sonra raket və dron zərbələri barədə məlumat verdiyini bildirib. Bununla belə, BƏƏ-dəki hücumların miqyası və nəticələri barədə detallar hələ tam aydınlaşmayıb.