İsrail ordusunun ərəbdilli sözçüsü Avixay Edrei Cənubi Livanda, xüsusilə Tir şəhəri və ətrafında yaşayan sakinlərə təcili xəbərdarlıq edib. “Reuters”-in məlumatına görə, İsrail ordusu bölgəyə zərbə endirəcəyini bildirərək insanlardan evlərini dərhal tərk etməyi və Zəhrani çayının şimalına keçməyi tələb edib.
Xəbərdarlıq ABŞ-İran arasında elan edilən iki həftəlik atəşkəs fonunda səsləndirilib. Lakin İsrail hökuməti açıq şəkildə bəyan edib ki, bu razılaşma Livanı əhatə etmir. Baş nazir Benyamin Netanyahu ofisinin mövqeyinə görə, İsrail İranla bağlı fasiləni dəstəkləsə də, Livanda “Hizbullah”a qarşı əməliyyatları davam etdirəcək.
“Reuters” yazır ki, Edrei “X”-də yaydığı müraciətdə “Livanda döyüş davam edir və atəşkəs Livanı əhatə etmir” mesajını verib. Həmin materiala əsasən, İsrail ordusu son günlər Cənubi Livanın geniş hissələrini əhatə edən təxliyə çağırışlarını təkrarlayır və eyni vaxtda bölgədə zərbələri davam etdirir.
Livan tərəfi isə bu vəziyyətdən narahatdır. Livan rəsmiləri ölkələrinin atəşkəs danışıqlarına daxil edilmədiyini bildiriblər, Fransa Prezidenti Emmanuel Makron isə Livanın da razılaşmaya salınmasına çağırış edib.