Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib. Türkiyəli qonaq qəbul üçün minnətdarlığını bildirərək dövlət başçısı ilə görüşdən şərəf hissi duyduğunu deyib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını İlham Əliyevə çatdırıb. Prezident İlham Əliyev də salamlara görə təşəkkür edərək, onun salamlarının Türkiyə dövlətinin başçısına çatdırılmasını xahiş edib.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanan münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Söhbətdə dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd olunub.
Həmçinin ölkələrin prokurorluq orqanları arasında uğurlu əlaqələrin qurulduğu bildirilib, Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığa toxunulub və təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulanıb. Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



