İspaniyanın Qran Kanariya adasında ötən il tapılan qadın meyitinin kimliyi müəyyənləşdirilib. Türkiyə mətbuatı və beynəlxalq nəşrlərin məlumatına görə, qalıqlar Macarıstanın realiti-şou ulduzu və sosial media fenomeni Annabella Lovasa məxsusdur. O, daha çox Macarıstan versiyalı “The Bachelor” proqramındakı iştirakı ilə tanınırdı.
Məlumata görə, meyit 2025-ci ilin martında Qran Kanariyada çətin keçilən ərazidə yerləşən təbii hovuz yaxınlığında aşkarlanıb. İstintaqın ilk mərhələsində barmaq izləri və DNT analizi ilə dəqiq nəticə əldə olunmayıb. Sonradan Interpol vasitəsilə göndərilən diş nümunəsi əsasında meyitin Annabella Lovasa aid olduğu təsdiqlənib.
Hüquq-mühafizə orqanları hazırda hadisəni qətl kimi qiymətləndirmir. Yayılmış məlumatlarda bildirilir ki, ekspertiza zorakılıq, boğulma və ya cinsi zorakılıq əlamətlərini təsdiqləməyib. İstintaq versiyalarından birinə görə, qadın başqa yerdə ölə bilər və güclü yağışlardan sonra yaranan sel suları meyiti tapıldığı əraziyə sürükləmiş ola bilər.
Annabella Lovas 2024-cü ilin noyabrında itkin düşmüş şəxs kimi axtarışa verilmişdi. Daha sonra qısa müddətlik tapılsa da, sonradan yenidən yoxa çıxmışdı. Xarici media yazır ki, o, son dövrlərdə maddi və psixoloji çətinliklər yaşayırdı. Hadisə ilə bağlı araşdırma davam edir.