Ərdoğan: “Silahlar susmalı, danışıqlar üçün yol açılmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandakı müharibənin tezliklə başa çatmasını istəyib, silahların susması və danışıqlar üçün yol açılması çağırışı edib.

25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandakı müharibə ilə bağlı çıxışında Ankaranın döyüşlərin dayanması və diplomatik prosesin başlaması üçün səylərini davam etdirdiyini bildirib. O, aprelin 6-da Prezident Külliyəsində keçirilən Nazirlər Kabinetinin iclasından sonra deyib ki, Türkiyə “silahların susması və müzakirələrə imkan yaradılması” üçün ən kiçik fürsəti belə dəyərləndirməyə çalışır.

MSNews.az TRTHaber.com-a istinadən xəbər verir.

Ərdoğan çıxışında bu müharibəni “qanunsuz, mənasız və qeyri-legitim” adlandıraraq onun mümkün qədər tez başa çatmasının vacibliyini vurğulayıb. Türkiyə lideri bildirib ki, bu gün sülhə zərbə vuranlar sabah özlərinin də ədalətə, hüquqa və sülhə ehtiyac duyacağını unutmamalıdır. O, həmçinin tarixdən nümunə gətirərək Hitlerin idarəolunmayan ambisiyalarının həm öz xalqına, həm də dünyaya ağır fəsadlar yaşatdığını xatırladıb.

Türkiyə Prezidenti eyni çıxışda İsrail hökumətini müharibənin dayandırılmasına yönəlmiş təşəbbüsləri pozmaqda ittiham edib.