İran: ABŞ İsfahandakı uranı ələ keçirmək istəyib

İran XİN sözçüsü İsmail Baqai ABŞ-ın F-15E ekipajını xilasetmə əməliyyatının əsl məqsədinin İsfahandakı zənginləşdirilmiş uranı ələ keçirmək ola biləcəyini iddia edib. ABŞ tərəfi bunu təsdiqləməyib.

23

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai ABŞ-ın vurulmuş F-15E qırıcısının ekipajını xilas etmək üçün keçirdiyi əməliyyatın əsl məqsədinin İsfahandakı zənginləşdirilmiş uranı ələ keçirmək ola biləcəyini iddia edib. İran tərəfinin yaydığı bu iddia hələlik müstəqil şəkildə təsdiqlənməyib. 

Beqainin sözlərinə görə, ABŞ əməliyyatının coğrafiyası suallar doğurur, çünki pilotun gizləndiyi ehtimal olunan ərazi ilə ABŞ aparatlarının endiyi nöqtə arasında ciddi məsafə var. İran rəsmisi bunu “yayındırıcı manevr” ehtimalı kimi təqdim edib. Bununla yanaşı, Vaşinqton tərəfi indiyədək əməliyyatın nüvə materiallarını hədəf aldığına dair heç bir açıq təsdiq verməyib.

ABŞ və beynəlxalq media isə əsasən xilasetmə əməliyyatının özünü önə çıxarır. “Reuters” və “Associated Press” yazır ki, vurulmuş F-15E-nin ikinci ekipaj üzvü İran ərazisində gizləndikdən sonra genişmiqyaslı xüsusi əməliyyat nəticəsində çıxarılıb. Hər iki agentliyin məlumatına görə, əməliyyat zamanı MKİ tərəfindən dezinformasiya kampaniyasından istifadə olunub və bu, İran qüvvələrinin diqqətini yayındırmağa kömək edib.

İsfahanın bu iddiada ön plana çıxması təsadüfi deyil. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi martda bildirmişdi ki, İranın 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatının əhəmiyyətli hissəsi, ehtimalən 200 kiloqramdan çoxu İsfahandakı tunel kompleksində saxlanılır.

Beləliklə, İranın “uranı oğurlamaq cəhdi” barədə ittihamı hazırda rəsmi Tehran mövqeyi kimi mövcuddur, lakin bunun təsdiqi üçün müstəqil sübutlar açıqlanmayıb.