İlham Əliyev Cevdet Yılmazı qəbul edib

Prezident İlham Əliyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə strateji müttəfiqlik, Şuşa Bəyannaməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirə olunub. 

30

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Cevdet Yılmaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb, Prezident İlham Əliyev isə minnətdarlığını bildirərək salamlarının da Türkiyə liderinə çatdırılmasını xahiş edib. 

Görüşdə Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb. Cevdet Yılmaz Ankaranın hər zaman Azərbaycanın yanında olduğunu, bunun Şuşa Bəyannaməsinin əsas prinsiplərindən biri sayıldığını bildirib. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

Tərəflər Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının və vitse-prezidentinin görüşünün keçirilməsinin əhəmiyyətinə də toxunublar. Bildirilib ki, bu tədbir təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi və ortaq məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradır. Cevdet Yılmaz Şimali Kipr Türk Cümhuriyyətinin baş nazirinin toplantıda iştirakını da müsbət qiymətləndirərək Azərbaycan tərəfinə təşəkkür edib.

Söhbət zamanı Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyinin uğurlu olduğu qeyd edilib, ötən il Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşünün nəticələri xatırladılıb. Görüşdə həmçinin Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlığının perspektivləri, regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.