SEPAH ABŞ və İsrailə bağlı universitetləri “legitim hədəf” elan edib

İranın SEPAH qüvvələri ABŞ və İsraillə əlaqəli Yaxın Şərq universitetlərini legitim hədəf elan edib. Təhdid İrandakı universitet və tədqiqat obyektlərinə zərbələrdən sonra səslənib.

14

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsraillə əlaqəli universitetləri Yaxın Şərqdə mümkün zərbə hədəfi elan edib.

Press TV“-nin  məlumatına görə, bu təhdid İranın öz ərazisindəki universitet və tədqiqat mərkəzlərinə endirilən son zərbələrdən sonra səsləndirilib. İran xüsusilə ABŞ və İsraillə bağlı universitet filiallarını regionda “legitim hədəf” saydığını bəyan edib.

Məsələnin fonunda İsfahan və ətrafında yerləşən hərbi-tədqiqat obyektlərinə zərbələr dayanır. Reuters martın 14-də İsfahanda bir fabrikə endirilən zərbədə azı 15 nəfərin öldüyünü yazmışdı. Bundan əlavə, Institute for the Study of WarCritical Threats kimi açıq mənbə analitikləri martın 24-də geolokasiya edilmiş görüntülərə əsaslanaraq Malek Əştər Texnologiya Universitetinin Şahinşəhrdəki obyektlərinin də zərbəyə məruz qaldığını qeyd ediblər. Bu universitet İranın müdafiə-sənaye və hərbi tədqiqat infrastrukturu ilə əlaqələndirilir.

Wall Street Journalın canlı xəbər lentinə görə, İran tərəfi regiondakı Amerika və İsrail universitetlərinə bağlı kampusları hədəf siyahısına salıb və hətta müəllim, tələbə və işçilərə bu obyektlərdən uzaq durmaq mesajı verib. Bu, müharibənin artıq klassik hərbi obyektlərdən çıxıb təhsil infrastrukturu kimi həssas sahələri də siyasi-hərbi təzyiq alətinə çevirdiyini göstərir.

Hazırda bu təhdidin real əməli zərbəyə çevrilib-çevrilməyəcəyi bəlli deyil. Ancaq İranın ritorikasında universitetlərin “elmi obyekt” yox, düşmən tərəfin hərbi-strateji şəbəkəsinin hissəsi kimi təqdim edilməsi diqqət çəkir. Bu, həm diplomatik, həm də humanitar baxımdan son dərəcə təhlükəli eskalasiya siqnalıdır.