İtaliya millisi növbəti dəfə dünya çempionatından kənarda qalmaq təhlükəsi ilə üz-üzədir. 2006-cı ilin dünya çempionu olan komanda artıq son iki mundialı buraxıb və indi yenidən pley-off mərhələsində risk altındadır.
Keçmiş dünya çempionları Massimo Oddo və Marko Amelia bildiriblər ki, bu geriləmənin əsas səbəbi gənc futbolçulara yetərincə şans verilməməsi və uzunmüddətli planlaşdırmanın olmamasıdır.


Onların sözlərinə görə, İtaliya futbolunda illərdir mövcud olan problemlər 2006-cı ildə qazanılan çempionluqla gizlədilib, lakin sonrakı dövrdə sistemli geriləmə davam edib.
Ekspertlər qeyd edir ki, “Serie A” liqasında əcnəbi oyunçuların sayının artması yerli futbolçuların inkişafına mənfi təsir göstərib. Bu isə milli komandanın səviyyəsinə birbaşa təsir edib.
2020-ci il Avropa çempionluğu isə müvəqqəti uğur kimi qiymətləndirilir və dərin problemləri ört-basdır edib.
İtaliya pley-off mərhələsində əvvəlcə Şimali İrlandiya ilə qarşılaşacaq. Qələbə qazanacağı halda növbəti mərhələdə Uels və ya Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Analitiklər hesab edir ki, mundialdan kənarda qalmaq təkcə idman deyil, həm də iqtisadi və sosial baxımdan ölkə futbolu üçün ciddi zərbə ola bilər.