Klaudiya Şeynbaum Meksikanın Kuba ilə tibbi əməkdaşlıq sazişini qoruyub saxlayacağını açıqlayıb.
Prezident bildirib ki, Havana ilə imzalanan razılaşma ölkə üçün faydalıdır və xüsusilə tibbi xidmətin çatışmadığı bölgələrdə mühüm rol oynayır. Meksikada minlərlə kubalı həkim 2022-ci ildən etibarən əsasən kənd və ucqar ərazilərdə fəaliyyət göstərir.
Son dövrlərdə ABŞ-ın təzyiqləri fonunda regionun bir sıra ölkələri bu proqramdan imtina etsə də, Meksika bu qərarı dəstəkləməyib. ABŞ Kuba həkim proqramını tənqid edərək onu “istismar” kimi qiymətləndirir, lakin proqramdan yararlanan ölkələr bu iddiaları rədd edir.
Qeyd olunur ki, Kuba üçün bu proqram əsas xarici gəlir mənbələrindən biridir. Eyni zamanda, regionda siyasi dəyişikliklər və ABŞ-ın Kubaya qarşı sanksiyaları bu məsələnin ətrafında gərginliyi artırır.
Ekspertlər hesab edir ki, Meksikanın bu qərarı həm humanitar ehtiyaclarla, həm də müstəqil xarici siyasət xətti ilə bağlıdır.