İran ABŞ-ın mümkün hərbi əməliyyatlarına qarşı sərt xəbərdarlıq edib. “Tasnim” xəbər agentliyinin yaydığı məlumata görə, İran hərbi mənbələri bildiriblər ki, ölkəyə qarşı quru və ya dəniz əməliyyatı başlanarsa, Tehran yeni cəbhələr açmağa hazırdır.
Xəbərdə xüsusilə Xarq adası üzərinə mümkün hücum ssenarisinə diqqət çəkilir. Mənbə qeyd edib ki, belə bir cəhd baş verərsə, İran regionda daha genişmiqyaslı cavab addımları ata bilər.
İran tərəfi həmçinin bildirib ki, Hörmüz boğazı ətrafında vəziyyəti dəyişmək cəhdləri Bab-əl-Məndəb boğazı bölgəsində yeni dəniz böhranına səbəb ola bilər.
Mənbənin sözlərinə görə, İran hərbi və strateji baxımdan mümkün eskalasiyaya tam hazır vəziyyətdədir.
Ekspertlər hesab edir ki, bu cür bəyanatlar Yaxın Şərqdə gərginliyin daha da artacağına işarə edir və regionda dəniz ticarət yolları üçün ciddi risklər yarada bilər.