Tehran Hörmüzdən keçidi məhdudlaşdırdığını açıqladı

İran BMT və Beynəlxalq Dəniz Təşkilatına göndərdiyi bildirişdə ABŞ, İsrail və “təcavüzün iştirakçıları” ilə əlaqəli gəmilərin Hörmüz boğazından keçid hüququna malik olmadığını bəyan edib.

7

Tehran Hörmüz boğazı ilə bağlı yeni mövqeyini BMT Təhlükəsizlik Şurasına və Beynəlxalq Dəniz Təşkilatına (IMO) rəsmi şəkildə çatdırıb. “Reuters”-in yaydığı məlumata görə, Tehran bəyan edib ki, yalnız onun tərəfindən “qeyri-düşmən” hesab olunan gəmilər İran hakimiyyəti ilə koordinasiya şərti ilə boğazdan keçə biləcəklər. 

Sənəddə İran tərəfi bildirib ki, “təcavüzkarların və onların tərəfdarlarının” Hörmüz boğazından İrana qarşı düşmənçilik məqsədilə istifadə etməsinin qarşısını almaq üçün “zəruri və mütənasib tədbirlər” görülüb. Həmin nota Beynəlxalq Dəniz Təşkilatının 176 üzv dövləti arasında dövriyyəyə buraxılıb.

Tehran məktubunda ABŞ və İsrail ilə əlaqəli gəmilərin, eləcə də, “təcavüzün digər iştirakçıları” kimi xarakterizə olunan tərəflərin Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən boğazdan “günahsız keçid” hüququna malik olmadığını vurğulayıb. “Reuters”-in məlumatına görə, bu mövqe İranın BMT yanında dəniz nümayəndəsi Əli Musəvinin daha əvvəl verdiyi açıqlamalarla da üst-üstə düşür.

Məlumat fonunda Hörmüz boğazında gəmiçiliklə bağlı risklərin qlobal enerji bazarına təsiri də yenidən gündəmə gəlib. “Associated Press” yazır ki, boğaz ətrafındakı gərginlik BMT Təhlükəsizlik Şurasında da müzakirə olunur və marşrutun təhlükəsiz saxlanılması üçün beynəlxalq təşəbbüslər irəli sürülüb.

Beləliklə, Tehran formal olaraq boğazı tam bağlamadığını göstərməyə çalışsa da, keçidi siyahı və siyasi mənsubiyyət əsasında məhdudlaşdırdığını açıq şəkildə bəyan edib. Bu isə Hörmüzün artıq yalnız ticari deyil, eyni zamanda açıq siyasi və hərbi təzyiq alətinə çevrildiyini göstərir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
25 mart 2026