Cənubi Koreya vonu son 17 ilin ən zəif səviyyəsinə düşüb. Martın 23-də Seul bazarında keçirilən ticarət zamanı milli valyuta ABŞ dollarına qarşı 0,83 faiz ucuzlaşaraq 1 dollar üçün 1517,3 von səviyyəsində bağlanıb. Bu, 2009-cu il martın 10-dan bəri qeydə alınan ən aşağı məzənnədir.
“Reuters”-in məlumatına görə, valyuta bazarındakı bu kəskin zəifləmə Yaxın Şərqdə artan hərbi gərginlik, xüsusilə enerji obyektlərinə mümkün zərbələrlə bağlı qorxular fonunda investorların riskli aktivlərdən uzaqlaşması ilə bağlıdır. Eyni gündə Cənubi Koreya fond bazarında da ciddi eniş qeydə alınıb və KOSPI indeksi 6,49 faiz geriləyib.
Qeyd olunur ki, vonun sonuncu dəfə daha zəif olduğu dövr 2009-cu ilin qlobal maliyyə böhranı mərhələsinə təsadüf edib. Həmin vaxt Cənubi Koreya valyutası 1 dollar üçün 1561 vonadək geriləmişdi. Hazırkı zəifləmə isə yeni qlobal enerji şoku riskinin Asiya iqtisadiyyatlarına təsirini bir daha gündəmə gətirib.
Cənubi Koreya hökuməti də bazardakı bu gərginliyin iqtisadi nəticələrini yumşaltmaq üçün əlavə dəstək tədbirləri hazırlayır. “Reuters” yazır ki, Seul administrasiyası yüksələn neft qiymətlərindən zərər görən sahələri və istehlakçıları qorumaq məqsədilə təxminən 25 trilyon von, yəni 16,6 milyard ABŞ dolları həcmində əlavə büdcə paketi hazırlamağa razılaşıb.
Mərkəzi bank səviyyəsində də artan risklər diqqətlə izlənilir. Reuters-in başqa bir materialında qeyd olunur ki, yeni Bank of Korea rəhbəri Şin Hyon Son inflyasiya, iqtisadi artım və maliyyə sabitliyi arasında balanslı siyasət aparılacağını bildirib. Bu isə göstərir ki, Seulda həm valyuta bazarındakı təzyiq, həm də enerji böhranının mümkün təsirləri artıq makroiqtisadi prioritetlər sırasına daxil edilib.