İranın yeni ali lideri Müctəba Xameneinin səhhəti ilə bağlı son saatlarda ziddiyyətli məlumatlar yayılır. “The Washington Post”un martın 22-də dərc etdiyi materialda ABŞ və İsrail təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən onun yaralandığı, təcrid vəziyyətində saxlanıldığı və İsrail tərəfinin İranın hazırda birbaşa onun rəhbərliyi ilə idarə olunub-olunmadığını qiymətləndirməyə çalışdığı bildirilir. Eyni materialda İran daxilində idarəçiliyin böyük ölçüdə SEPAH və ruhanilər tərəfindən saxlanıldığı qeyd olunur.
Bununla belə, onun “beyin zədəsi alıb”, “səslərə reaksiya vermir”, “ayağını itirib”, “süni tənəffüs aparatına qoşulub” və “10 gündən çox şüuru zəif vəziyyətdə qalıb” kimi iddialar əsas etibarlı açıq mənbələrdə təsdiqlənmir. “Reuters” martın 23-də yayımladığı geniş təhlildə Müctəbanın zərbələr zamanı yara aldığını yazır, amma onun komada olması və ya ağır nevroloji kollaps keçirməsi barədə qəti məlumat vermir.
“Wall Street Journal”-ın canlı yayımında ABŞ milli kəşfiyyat direktoru Tulsi Qabbardın Müctəba Xameneinin ağır yaralanmasından sonra İran rəhbərliyində qarışıqlıq yarandığını söylədiyi qeyd olunur. Bu, onun vəziyyətinin ciddi ola biləcəyinə işarə edən ən güclü siqnallardan biridir, amma burada da “beyin zədəsi”, “reaksiyasızlıq” və ya “süni nəfəs aparatı” kimi konkret tibbi detallar təsdiqlənmir.
Eyni mövzuda, başqa mənbələr bir-birinə zidd məlumat verir. Məsələn, “The Times” altı gün əvvəl İran rəsmisinə istinadən Müctəba Xameneinin “sağ, yaxşı vəziyyətdə və vəzifəsini icra etdiyini” yazıb. Bunun əksinə, bəzi müxalif yönlü mənbələr onun ağır yaralandığını və hətta komada olduğunu iddia edir. Bu ziddiyyət göstərir ki, hazırda onun real səhhəti ilə bağlı tam şəffaf və müstəqil təsdiq yoxdur.