İranda polis rəisi Radanın öldürüldüyü iddia olunur

Müxalif mənbələr İran polisinin rəhbəri Əhməd-Rza Radanın ABŞ və İsrail zərbələri nəticəsində öldürüldüyünü iddia edir. Rəsmi təsdiq yoxdur.

18

İranda polis qüvvələrinin komandanı Əhməd Reza Radanın öldürüldüyü ilə bağlı iddialar yayılıb.

Məlumatlara görə, bu iddialar əsasən müxalif mənbələr tərəfindən irəli sürülür və ABŞ ilə İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində onun həlak olduğu bildirilir. Lakin rəsmi qurumlar tərəfindən bu məlumat hələlik təsdiqlənməyib.

Qeyd olunur ki, Radan daha əvvəl sərt mövqeyi ilə seçilirdi və etirazlara qarşı kəskin yanaşmaları ilə tanınırdı. O, cəmi bir neçə gün əvvəl çıxışında təhlükəsizlik qüvvələrinin “barmaqlarının tətikdə olduğunu” bəyan etmişdi.

Bundan əvvəl “Al Hadath” telekanalı İsrailin Tehrana endirdiyi hava zərbələri zamanı Radanın hədəf alındığını bildirmiş, lakin onun taleyi barədə dəqiq məlumat verməmişdi.

Hazırda yayılan xəbərlərin doğruluğu ilə bağlı qeyri-müəyyənlik qalır və hadisə ilə bağlı rəsmi açıqlama gözlənilir.