İraqda İran proksiləri ABŞ səfirliyinə hücumları dayandırdı

"Kataib Hezbollah" ABŞ-ın Bağdaddakı səfirliyinə hücumları beş gün müddətinə dayandırdığını açıqlayıb. Qərar Ramazan bayramı ərəfəsində verilib.

27

İraqda fəaliyyət göstərən İran yönlü silahlı qruplaşmalar ABŞ-ın Bağdaddakı diplomatik nümayəndəliyinə qarşı hücumları müvəqqəti dayandırdıqlarını elan ediblər.

MSNews.az xəbər verir ki, bu barədə “Kataib Hezbollah” kimi tanınan “Hizbullah Briqadaları” açıqlama yayıb. Qruplaşma ABŞ səfirliyinə hücumların beş gün müddətinə dayandırıldığını bildirib.

Məlumata görə, qərar müəyyən şərtlərlə əlaqələndirilib. Qruplaşma İsrailin Livanın cənubunda mülki əhalinin köçürülməsi planlarından imtina etməsini və Bağdaddakı yaşayış məntəqələrinin bombalanmamasını tələb edib. Bu barədə məlumatı “Al Hadath” telekanalı yayıb.

Hücumların dayandırılması qərarı müsəlman dünyasında müqəddəs sayılan “Eid al-Fitr” – Ramazan bayramı ərəfəsinə təsadüf edir. Qeyd edilir ki, bu addım martın 14-də ABŞ səfirliyi, Bağdad kompleksinə pilotsuz uçuş aparatı ilə endirilən zərbədən bir neçə gün sonra atılıb.

Həmin hücum nəticəsində səfirlik ərazisində güclü tüstülənmə baş vermiş, lakin ciddi itkilər barədə məlumat verilməmişdi. Mövcud qərarın regiondakı gərginliyin azalmasına müvəqqəti də olsa təsir göstərə biləcəyi ehtimal edilir.