Ermənistan MN: Azərbaycan ordusunun yeni mövqeyi ilə bağlı məlumatlar yalandır

Ermənistan Müdafiə Nazirliyi mediada yayılan “Azərbaycan ordusunun Ermənistan ərazisində yeni mövqe qurması” iddialarını təkzib edib və bunun dezinformasiya olduğunu bildirib.

32

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya ölkənin suveren ərazisində yeni mövqe qurması ilə bağlı mediada yayılan məlumatları təkzib edib. Nazirliyin sözçüsü Aram Torosyan bildirib ki, bu iddialar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, son günlər bəzi ictimai fəallar və media qurumları “Google Earth” peyk görüntülərinə istinad edərək Azərbaycan ordusunun 2025-ci ildə Ermənistan ərazisində yeni mövqe qurduğunu iddia ediblər.

Torosyan vurğulayıb ki, “Google Earth” xəritələri dövlət sərhədinin müəyyən edilməsi üçün hüquqi əsas sayıla bilməz, çünki bu cür xəritələrdə ciddi texniki səhvlər və uyğunsuzluqlar ola bilər.

Ermənistan Müdafiə Nazirliyinin açıqlamasına görə, ölkənin dövlət sərhədlərinin müəyyənləşdirilməsi zamanı 1975-ci ildə SSRİ Baş Qərargahı tərəfindən hazırlanmış 1:100 000 miqyaslı topoqrafik xəritələr əsas götürülür. Nazirlik bu xəritələrin müvafiq dövlət qurumları tərəfindən təsdiqləndiyini və hüquqi qüvvəyə malik olduğunu bildirib.

Torosyan xəritələrdəki fərqlərə də diqqət çəkib. Onun sözlərinə görə:

sarı xətt rəsmi xəritələrə əsasən Ermənistanın dövlət sərhədini göstərir,
yaşıl xətt “Google Earth” versiyasında göstərilən sərhəddir və rəsmi sərhədlə üst-üstə düşmür,
mavi kəsik xətt isə Azərbaycan Silahlı Qüvvələrinin yeni mövqeyi kimi təqdim edilən nöqtəni göstərir.

Nazirlik iddia edir ki, həmin mövqe Azərbaycan ərazisində yerləşir və Ermənistanın rəsmi dövlət sərhədini keçmir.

Açıqlamada həmçinin mövqenin Ermənistanın Sotk qızıl yatağıKut kəndinə yaxın yerləşməsi barədə yayılan məlumatlara da münasibət bildirilib.

Nazirliyin məlumatına görə, həmin mövqe ilə Sotk qızıl yatağı arasında təxminən 4 kilometr,  Kut kəndi arasında isə 6,4 kilometr məsafə var.

Bundan əlavə, bölgənin dağlıq relyefi – xüsusilə 3008,5 metr hündürlüyə malik Qatar dağı səbəbindən mövqe ilə Kut kəndi arasında birbaşa görmə xətti yoxdur.

Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti yayılan məlumatlara ehtiyatla yanaşmağa çağıraraq yalnız rəsmi mənbələrə və peşəkar araşdırmalara əsaslanan məlumatlara etibar etməyə çağırıb.