“Zootopia 2” animasiya filmi artıq Hollivud tarixində ən çox gəlir gətirən animasiya filmi kimi rekord qırıb. Film eyni zamanda 15 martda keçiriləcək Akademiya Mükafatlarında (Oscar) “Ən yaxşı animasiya filmi” nominasiyasında mübarizə aparacaq.
Film 2016-cı ildə böyük uğur qazanan ilk “Zootopia” animasiyasının davamıdır. Süjetdə polis zabiti dovşan Cudi Hopps və onun tərəfdaşı tülkü Nik Uayld yeni bir sirri araşdırmaq üçün birlikdə hərəkət edir. Onların qarşısına isə yeni personaj – sürünən Qeri De’Sneyk çıxır. Bu obrazı “Oskar” mükafatlı aktyor Ke Huy Quan səsləndirib.

Filmin prodüseri Yvett Merino bildirib ki, belə böyük uğur qazanmaq bütün komanda üçün inanılmaz hissdir. Onun sözlərinə görə, layihə üzərində yüzlərlə animator və yaradıcı mütəxəssis çalışıb.
Ssenari müəllifi və həmmüəllif rejissor Cared Buş qeyd edib ki, film üzərində iş təxminən beş il davam edib və komanda hər detal üzərində xüsusi diqqətlə işləyib. Onun fikrincə, belə filmlər böyük ekranda izlənildikdə tamaşaçılar üçün daha güclü emosional təcrübə yaradır.

Yaradıcı heyət hesab edir ki, filmin uğurunun əsas səbəblərindən biri onun verdiyi ümid və sevinc mesajıdır. Buşun sözlərinə görə, film yalnız əyləncəli macəra təqdim etmir, həm də insanların fərqlilikləri qəbul etməsi və bir-birini daha yaxşı anlaması kimi mövzulara toxunur.
Qeri De’Sneyk personajının hekayəsi isə məcburi köç, ədalətsizlik və cəmiyyətə uyğunlaşma kimi daha dərin sosial mövzuları əks etdirir.
Yaradıcılar bildirir ki, film müxtəlif tamaşaçı qrupları üçün fərqli məna qatları təqdim edir. Bəziləri üçün bu, sadəcə əyləncəli animasiya olsa da, digərləri üçün dostluq, münasibətlər və cəmiyyətdəki bölünmələr kimi mövzular üzərində düşünmək imkanı yaradır.
Onların fikrincə, bu müxtəlif yanaşmalar “Zootopia 2”ni həm uşaqlar, həm də böyüklər üçün cəlbedici edən əsas amillərdən biridir.
Film bu il Oskar mükafatları mövsümünün əsas favoritlərindən biri hesab olunur. Prodüser Yvett Merino bildirib ki, belə mükafatlara namizədlik ilk növbədə layihə üzərində çalışan yüzlərlə animatorun və yaradıcı komandanın əməyinin qiymətləndirilməsi deməkdir.