Kosovoda parlament buraxıldı, növbədənkənar seçkilər elan edildi

Kosovo Prezidenti Vjosa Osmani parlamenti buraxıb və növbədənkənar seçkilər elan edib. Parlament yeni prezidenti seçə bilmədiyi üçün ölkədə siyasi böhran yaranıb.

30

Kosovo Prezidenti Vjosa Osmani parlamentin buraxılması haqqında fərman imzalayıb və ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini elan edib. Qərar parlamentin müəyyən edilmiş müddət ərzində yeni dövlət başçısını seçə bilməməsi fonunda qəbul olunub.

Məlumata görə, Kosovonun qanunverici orqanı prezident seçkisini həyata keçirmək üçün tələb olunan kvorumu təmin edə bilməyib. Müxalifət deputatlarının səsverməni boykot etməsi nəticəsində parlament iclaslarında yetərli sayda deputat iştirak etməyib və proses uğursuzluqla nəticələnib.

Kosovo Konstitusiyasına əsasən, ölkənin yeni prezidenti hazırkı dövlət başçısının səlahiyyət müddəti başa çatmazdan ən azı 30 gün əvvəl seçilməlidir. Prezident Vjosa Osmanın səlahiyyət müddəti isə 4 aprel tarixində bitir. Parlament bu müddət ərzində yeni prezident seçə bilmədiyi üçün siyasi böhran yaranıb.

Yaranmış vəziyyətdə dövlət başçısı parlamenti buraxmaq və ölkədə növbədənkənar seçkilər təyin etmək qərarı verib. Yeni seçkilərin tarixi yaxın günlərdə açıqlanacaq.

Analitiklərin fikrincə, bu qərar Kosovoda siyasi balansın yenidən formalaşmasına səbəb ola bilər və ölkədə hökumətin gələcək tərkibinə ciddi təsir göstərə bilər.