ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verərək Tehrana qarşı “tam məhv” variantının da nəzərdən keçirildiyini bildirib.
Tramp sosial şəbəkədə yazdığı paylaşımda iddia edib ki, İran hazırda “çox ağır vəziyyətdədir” və ABŞ ilə İsaril tərəfindən həyata keçirilən davamlı hücumlar səbəbindən Yaxın Şərqdəki qonşularından üzr istəməyə və onlara qarşı daha hücum etməməyə söz verməyə məcbur qalıb.
Onun sözlərinə görə, İran uzun illər regionda dominant mövqe tutmağa çalışsa da, hazırkı vəziyyət bunu dəyişib. Tramp iddia edib ki, bu, “min illər ərzində İranın Yaxın Şərqdə qonşu dövlətlər qarşısında ilk dəfə məğlub olduğu” haldır.
Prezident bildirib ki, İran artıq “Yaxın Şərqin tiranı” deyil və onun sözlərinə görə, ölkə uzun müddət “regionun məğlubu” kimi qalacaq. Tramp əlavə edib ki, Tehran ya kapitulyasiya etməli, ya da daha böyük daxili çöküşlə üzləşə bilər.
O, həmçinin qeyd edib ki, ABŞ İranın fəaliyyətinə görə daha sərt tədbirləri də müzakirə edir və “tam məhv” ehtimalı belə gündəmdədir. Trampın sözlərinə görə, İranın müəyyən bölgələr və qruplara münasibətdə siyasəti səbəbindən indiyədək hədəf hesab edilməyən ərazilərə qarşı da zərbələr nəzərdən keçirilə bilər.