Gürcüstan İranla əlaqəli “Əl-Mustafa” universitetinin fəaliyyətini araşdırır

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə fəaliyyət göstərən İranın “Əl-Mustafa” Beynəlxalq Universitetinin filialı ilə bağlı terrorizm iddialarını araşdırmağa başlayıb.

108

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkədə fəaliyyət göstərən “Əl-Mustafa Beynəlxalq Universiteti”nin yerli filialı ilə bağlı səsləndirilən ittihamları araşdırmaq üçün istintaqa başladığını açıqlayıb.

MSNews.az gürcülərin “NEWSGEORGIA” teleqram kanalına istinadən xəbər verir.

Qurumun yaydığı bəyanatda bildirilib ki, son günlər bəzi şəxslər Gürcüstanda digər ölkələr tərəfindən kadrların cəlb edilməsi və bu fəaliyyətin terrorla əlaqəli ola biləcəyi barədə ictimai iddialar səsləndiriblər.

“Son günlər müxtəlif şəxslər tərəfindən Gürcüstanda xarici ölkələrin kadr toplaması, o cümlədən terrorizm istiqamətində ittihamlar və ya eyhamlar səsləndirilib. Biz bu bəyanatların məzmununu və müəlliflərinin motivlərini diqqətlə izləyir və araşdırırıq. Bu ittihamların regionda davam edən hərbi əməliyyatlar fonunda səsləndirilməsi xüsusilə diqqət mərkəzindədir”, – deyə DTX-nin açıqlamasında qeyd olunub.

Məlumata görə, Əl-Mustafa Beynəlxalq Universiteti İranın Qum şəhərində yerləşən dini-təhsil mərkəzidir və əsasən islamşünaslıq, ilahiyyat, hüquq və fəlsəfə sahələrində fəaliyyət göstərir. Universitetin dünyanın 50-dən çox ölkəsində filial və tərəfdaş strukturları mövcuddur və Gürcüstan da həmin ölkələr sırasındadır.

ABŞ 2020-ci ildə bu universitetə qarşı sanksiyalar tətbiq edərək qurumun İran tərəfindən ideoloji təsir yaymaq və xarici vətəndaşları İranmeyilli silahlı qruplara cəlb etmək üçün istifadə olunduğunu iddia etmişdi. Tehran isə bu ittihamları rədd edir.

Gürcüstanın “Azadlıq Radiosu” xidmətinin məlumatına görə, universitetin yerli filialı ölkədə 10 ildən artıqdır fəaliyyət göstərir. Burada şiə ilahiyyatı, fars dili və islamşünaslıq üzrə pulsuz kurslar təşkil olunur. Tədris proqramları əsasən müsəlman əhalinin çoxluq təşkil etdiyi Qardabani və Marneuli kimi bölgələrdə həyata keçirilir.

Bildirilir ki, təhsil müəssisəsi Gürcüstanın rəsmi təhsil orqanları tərəfindən akkreditasiya olunmayıb. Bununla belə, yerli proqramları bitirən tələbələrin İranda təhsillərini davam etdirmək imkanı olduğu qeyd edilir. Məzunların sözlərinə görə, universitet tələbələrə təqaüd, yaşayış yeri və İrandan göndərilən tədris materialları ilə dəstək verir.

Universitet son günlər mediada yenidən gündəmə gəlib. Buna səbəb isə onun sabiq rektoru, dini və siyasi xadim Əlirza Ərəfinin İranın yeni ali lideri seçilənədək ölkəni idarə edəcək müvəqqəti rəhbərlik şurasına daxil edilməsi ilə bağlı xəbərlərdir.

Bu fonunda Gürcüstanın sabiq müdafiə naziri Tina Xidaşeli “TV Pirveli” telekanalında çıxışı zamanı ölkədə “qanunsuz fəaliyyət göstərən universitetin” mövcud olduğunu iddia edərək onu “terrorçular üçün məktəb” adlandırıb.

Hakim partiya isə Xidaşelinin bu bəyanatını “düşmən fəaliyyətinə bənzər addım” kimi qiymətləndirib. Hakimiyyətə yaxın “Xalqın Gücü” partiyasının nümayəndələri isə Gürcüstanda “ikinci cəbhə təhlükəsi”nin – bu dəfə İranla bağlı risklərin yarana biləcəyi barədə xəbərdarlıq ediblər.