Azərbaycan İran­dakı səfirlik və konsulluq əməkdaşlarını təxliyə edir

Azərbaycan təhlükəsizlik səbəbilə Tehrandakı səfirliyinin və Təbrizdəki baş konsulluğunun əməkdaşlarını təxliyə edir. Qərar Naxçıvana PUA hücumundan sonra verilib.

42

Azərbaycan İran ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin əməkdaşlarını təhlükəsizlik səbəbilə təxliyə etmək qərarı verib. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoi ilə keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, mövcud təhlükəsizlik riskləri nəzərə alınaraq İran­dakı Azərbaycan diplomatik missiyalarının tam təxliyəsi barədə qərar qəbul olunub.

Onun sözlərinə görə, Tehrandakı Azərbaycan səfirliyinin və Təbrizdəki Baş konsulluğun əməkdaşları ölkədən çıxarılacaq.
“İnsanlarımızın həyatını riskə ata bilmərik. Təhlükəsizlik səbəbilə diplomatik missiyamızın tam təxliyəsi ilə bağlı qərar qəbul olunub”, – deyə Bayramov qeyd edib.

Nazir eyni zamanda İran ərazisindən Naxçıvan Muxtar Respublikasına həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) hücumlarına da münasibət bildirib. Bayramov qeyd edib ki, İran tərəfi hadisə ilə bağlı araşdırma aparılacağını vəd edib və Azərbaycan rəsmi nəticələri gözləyəcək.

Bir gün əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasına İran ərazisindən PUA hücumlarının həyata keçirildiyini açıqlamışdı. Məlumata görə, pilotsuz uçuş aparatlarından biri Naxçıvan beynəlxalq hava limanı yaxınlığına, digəri isə Şərur rayonunun Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hadisə nəticəsində hava limanının infrastrukturuna ziyan dəyib, 4 mülki şəxs yaralanıb.

Baş verən hadisədən sonra İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz notası təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyev hücumu terror aktı kimi qiymətləndirərək orduya mümkün cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsi barədə tapşırıq verib.

İranın xarici işlər naziri Abbas Araqçi isə hadisə ilə İranın əlaqəsinin olmadığını iddia edərək hücumun İranı ittiham etmək məqsədilə İsrail tərəfindən təşkil olunduğunu bildirib.