ABŞ Konqresində etiraz edən sabiq hərbçinin qolu sındırıldı

ABŞ-da Konqres binasında İrana hücumları etiraz edən sabiq dəniz piyadası Brayan Mak Ginnes saxlanılarkən qolunun sındığı bildirilir.

44

ABŞ-da Konqresdə etiraz edən sabiq hərbçinin qolu saxlanılma zamanı sındırılıb.

ABŞ polisi İrana qarşı hücumları Konqres binasında etiraz edən sabiq dəniz piyadası çavuşu Brayan Mak Ginnessi saxlayarkən onun qolunun sındığı bildirilir. Hadisə ilə bağlı görüntülər sülh tərəfdarı “CodePink” təşkilatının sosial media hesablarında paylaşılıb.

Videolara əsasən, Mak Ginnes Konqresdə keçirilən toplantı zamanı “Amerika üçün ayağa qalxın, artıq heç kim İsrail üçün döyüşmək istəmir” və “Fələstin azad olacaq” şüarları səsləndirib. Bundan sonra Konqresin təhlükəsizliyinə cavabdeh iki əməkdaş onu zaldan zorla çıxarmağa çalışıb.

Görüntülərdə sabiq hərbçinin çıxmamaq üçün müqavimət göstərdiyi, bu zaman qolunun qapıya sıxıldığı əks olunub. Kadrlarda sındığı iddia edilən anın səsi aydın eşidilir, zaldakı bəzi şəxslərin “Onun qolunu sındırdınız” deyə qışqırdığı görünür.

“CodePink”-in yaydığı açıqlamada bildirilib ki, Mak Ginnes Konqresdə milyonlarla amerikalının mövqeyini ifadə edib və təhlükəsizlik əməkdaşları tərəfindən zorla zaldan çıxarılarkən qolu sındırılıb.

Hadisə zamanı bəzi etirazçılar Mak Ginnesin çıxarılmasına yardım edən kostyumlu şəxsin ABŞ senatoru Tim Şihi olduğunu iddia edib. Bunun ardınca Şihinin sürətlə zalda öz yerinə qayıtdığı müşahidə olunub.

Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması hələlik yayımlanmayıb.