İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır və regional sülhün məhz bölgə dövlətləri tərəfindən təmin olunmalı olduğuna inanır.
Pezeşkiyan “X” sosial şəbəkə platformasındakı hesabında paylaşdığı açıqlamada qonşu və dost ölkələrin liderlərinə müraciət edərək qeyd edib: “Sizin dəstəyiniz və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq. Lakin Amerika-sionist hərbi hücumu bizə özümüzü müdafiə etməkdən başqa seçim qoymadı.”
İran prezidenti vurğulayıb ki, ölkəsi region dövlətlərinin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət edir. Onun sözlərinə görə, bölgədə sabitliyin təmin olunması üçün kənar müdaxilələr deyil, regional əməkdaşlıq əsas rol oynamalıdır.
Xatırladaq ki, İran fevralın 28-də ABŞ və İsrail tərəfindən başlandığı bildirilən hücumlara cavab olaraq həm İsrail ərazisinə, həm də regiondakı ABŞ hərbi bazalarına və hədəflərinə zərbələr endirib. Hadisələr Yaxın Şərqdə gərginliyi daha da artırıb.