Avropa İttifaqı dövlət satınalmalarında “Made in EU” şərti tətbiq edəcək

Avropa İttifaqı strateji sektorları gücləndirmək üçün dövlət tenderlərində “Made in EU” tələbi tətbiq etməyi planlaşdırır. Yeni qaydalar yerli istehsalı və məşğulluğu artırmağı hədəfləyir.

39

Avropa İttifaqı (Aİ) yerli istehsalı gücləndirmək məqsədilə dövlət satınalmalarında “Made in EU” (Aİ-də istehsal olunub) şərtinin tətbiqini planlaşdırır.

Təşəbbüs Aİ Komissiyasının hazırladığı Sənaye Sürətləndirici Qanun (Industrial Accelerator Act) çərçivəsində irəli sürülüb və strateji sahələrdə Avropa istehsalına prioritet verilməsini nəzərdə tutur.

Aİ Komissiyasının vitse-prezidenti Stefan Sejurne Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, məqsəd Avropanın sənaye bazasını gücləndirmək və məşğulluğu artırmaqdır. Onun sözlərinə görə, hazırda sənayenin Aİ ÜDM-ində payı təxminən 14 faizdir və bu göstəricinin 2035-ci ilə qədər 20 faizə çatdırılması hədəflənir. “Avropanın pulu – yəni dövlət satınalmaları və birbaşa subsidiyalar – söz mövzusu olduqda Avropa prioritetini tətbiq edirik”, – deyə o vurğulayıb.

Təşəbbüs enerji tutumlu sənayeləri, alüminium, sement, polad və kimya məhsullarını, həmçinin avtomobil sənayesini, elektrikli nəqliyyat vasitələrini, batareyaları, külək turbinlərini, elektrolizerləri, istilik nasoslarını, fotovoltaik panelləri və nüvə texnologiyalarını əhatə edəcək. Hər sektor üzrə müəyyən faiz və ya kəmiyyət həddində Aİ-də istehsal tələbi qoyulması planlaşdırılır.

Komissiyanın açıqlamasında bildirilir ki, yeni qaydalar aşağı karbonlu və Aİ-də istehsal olunmuş məhsullara tələbi artırmağa yönəlib. Bu addımın Aİ daxilində istehsalın və məşğulluğun artmasına, şirkətlərin böyüməsinə və sənayenin “yaşıl keçid” prosesinə dəstək verəcəyi qeyd olunur. Qaydaların ilk mərhələdə polad, sement, alüminium, avtomobil və “xalis sıfır” texnologiyalar kimi seçilmiş strateji sektorlara tətbiqi nəzərdə tutulur, zərurət yaranarsa digər enerji tutumlu sahələrə də şamil edilə bilər.

Aİ dünyanın ən açıq bazarlarından biri olaraq qalacağını bildirsə də, təklif dövlət satınalmalarında qarşılıqlılıq prinsipini gücləndirməyi hədəfləyir. Aİ ilə azad ticarət sazişi və ya Gömrük İttifaqı olan, yaxud Dövlət Satınalmaları Sazişinə qoşulmuş ölkələrdən gələn məhsullar müəyyən şərtlərlə Aİ mənşəli kimi qəbul edilə bilər. Hansı ölkələrin “Made in EU” çərçivəsinə daxil ediləcəyi qarşılıqlılıq və iqtisadi təhlükəsizlik meyarları əsasında ayrıca qiymətləndiriləcək.

Aİ daxilində təşəbbüslə bağlı fərqli mövqelər mövcuddur. Fransa layihənin əsas tərəfdarlarından sayılır. Almaniya isə daha ehtiyatlı yanaşaraq, sərt yerli istehsal tələblərinin investisiyaları azalda, dövlət tenderlərində qiymətləri artıra və Aİ-nin qlobal rəqabət qabiliyyətinə mənfi təsir göstərə biləcəyini bildirir. Berlin “Made with Europe” kimi daha inklüziv modelin tətbiqini müdafiə edir.

Türkiyə isə Aİ ilə Gömrük İttifaqı və yüksək iqtisadi inteqrasiya səviyyəsi nəzərə alınaraq türk istehsalçılarının da bu çərçivəyə daxil edilməli olduğunu bəyan edir. Xüsusilə, avtomobil sektoru başda olmaqla bəzi Avropa sənaye dairələri Böyük Britaniya və Türkiyənin də mexanizmə cəlb olunmasını istəyir.

Təklif Komissiya tərəfindən təqdim edildikdən sonra qanunvericilik proseduru çərçivəsində Aİ Şurası və Avropa Parlamenti ilə danışıqlara çıxarılacaq və dəyişikliklərə məruz qala bilər.