İran yeni Ali Rəhbərini seçir

İranın Ekspertlər Şurası yeni Ali Rəhbərin seçilməsi prosesinin yekun mərhələsinə daxil olub. Rəsmi qərarın yaxın saatlarda və ya günlərdə açıqlanacağı gözlənilir.

45

İranın “Fars” xəbər agentliyi ölkənin yeni Ali Rəhbərinin seçilməsi prosesinin artıq yekun mərhələyə daxil olduğunu açıqlayıb. Məlumata görə, namizədlər ətrafında müzakirələr təhlükəsizliyi təmin edilmiş gizli məkanda davam edir və rəsmi qərarın yaxın saatlarda və ya bir neçə gün ərzində elan olunacağı gözlənilir.

Xəbərdə bildirilir ki, Ekspertlər Şurasının binasına hücum baş versə də, həmin vaxt orada heç bir iclas keçirilməyib. Təhlükəsizlik səbəbilə səsvermə və müzakirələr “qeyri-maddi” formatda, məsafədən idarəetmə üsulları ilə aparılır.

Agentlik xüsusi olaraq vurğulayır ki, Ayətullah Əli Xamenei sağlığında konkret varis təyin etməyib və seçim hüququnu tam şəkildə Ekspertlər Şurasına həvalə edib. Bununla yanaşı, o, gələcək lider üçün əsas meyarları da müəyyənləşdirib. Bu meyarlar arasında xarici təzyiqlərə qarşı dayanıqlılıq, cəsarət, dürüstlük, ədalət, müasir reallıqları anlama və güclü idarəetmə bacarığı yer alır.

İranın siyasi gələcəyini müəyyən edəcək bu proses beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Yeni Ali Rəhbərin kim olacağı ölkənin daxili siyasəti ilə yanaşı, region və qlobal güc balansına da təsir göstərə bilər.