Mossad Tehran kameralarını sındırıb – “Daily Mail”-dən sensasiyalı iddia

"Daily Mail" nəşri Mossadın Tehran müşahidə kameralarını ələ keçirərək illər boyu Əli Xameneyini izlədiyini və əməliyyatın sui-qəsdlə nəticələndiyini iddia edir.

43

Böyük Britaniyanın “Daily Mail” nəşri iddia edir ki, İsrail kəşfiyyatı Mossad Tehrandakı müşahidə kameraları şəbəkəsini sındıraraq illər boyu İranın ali dini lideri Ali Xamenei, onun mühafizəsi və yüksək rütbəli rəsmilər barədə məlumat toplayıb.

Nəşrin yazdığına görə, İsrail tərəfi paytaxtdakı demək olar ki, bütün şəhər kameralarına çıxış əldə edib. Toplanan görüntülərin Tel-Əvivə və ölkənin cənub bölgələrinə ötürüldüyü, bu yolla mühafizəçilərin ünvanları və hərəkət qrafikləri barədə məlumat bazası formalaşdırıldığı bildirilir. İddialara əsasən, çəkiliş rakurslarından biri ali liderin Pastər küçəsində yerləşən iqamətgahı yaxınlığında mühafizəçilərin avtomobilləri harada saxladıqlarını izləməyə imkan verib.

Məqalədə qeyd olunur ki, əməliyyat uzunmüddətli kampaniyanın bir hissəsi olub və ötən şənbə baş verdiyi bildirilən sui-qəsdlə nəticələnib. İsrail kəşfiyyatının nümayəndəsi “Financial Times” nəşrinə açıqlamasında “Biz Tehranı Qüds qədər yaxşı tanıyırıq” ifadəsini işlədib.

Həmçinin bildirilir ki, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən əldə edilən informator məlumatları İsrailin texnoloji vasitələri və süni intellekt alqoritmləri ilə birləşdirilərək görüş yerinin müəyyənləşdirilməsinə imkan verib. Mənbənin iddiasına görə, yer təsdiqləndikdən sonra İsrail və ABŞ hərəkətə keçmək barədə qərar qəbul edib və plan bir neçə ay ərzində hazırlanaraq həyata keçirilib.

Qeyd edək ki, bu məlumatlar hələlik rəsmi Tehran tərəfindən təsdiqlənməyib və müstəqil mənbələr tərəfindən tam şəkildə doğrulanmayıb.