Makki Sall BMT Baş Katibliyinə namizəd oldu

Seneqalın sabiq prezidenti Makki Sall BMT Baş Katibliyinə namizədliyini irəli sürüb. Onun namizədliyi Burundi tərəfindən təqdim edilib və təsdiq üçün BMT Təhlükəsizlik Şurasının qərarı tələb olunur.

41

Seneqalın sabiq prezidenti Makki Sall Birləşmiş Millətlər Təşkilatının baş katibliyinə namizədliyini rəsmən irəli sürüb. Yerli mətbuatın məlumatına görə, namizədlik sənədi Burundinin BMT yanında daimi nümayəndəsi Zefirin Maniratanqa tərəfindən BMT Baş Assambleyasının sədri Annalena Baerboka təqdim olunub.

Sallın namizədliyinin Afrika İttifaqına sədrlik edən Burundi prezidenti Evariste Ndayişimiye tərəfindən irəli sürülməsi diqqət çəkib. Bu məsələ fevral ayında Afrika İttifaqının Əddis-Əbəbədə keçirilən 39-cu zirvə toplantısı çərçivəsində qeyri-rəsmi müzakirə olunsa da, rəsmi qərar qəbul edilməmişdi. Rotasiya prinsipi baxımından bu mərhələdə afrikalı namizədin şanslarının yüksək olmadığı bildirilir.

Digər əsas namizədlər sırasında Çili, Braziliya və Meksikanın dəstəklədiyi sabiq Çili prezidenti Mişell Başele, eləcə də 2019-cu ildən Beynəlxalq Atom Enerjisi Agentliyinə rəhbərlik edən və namizədliyi Argentina tərəfindən irəli sürülən Rafael Mariano Qrossi göstərilir.

Sallın BMT-nin hazırkı baş katibi, portuqaliyalı Antonio Qutyerreşin 2026-cı ilin sonunda başa çatacaq mandatından sonra bu vəzifəyə seçilməsi üçün əvvəlcə BMT Təhlükəsizlik Şurasından təsdiq alması tələb olunur. Təhlükəsizlik Şurasında qərar 15 üzvdən azı 9-nun səsi ilə qəbul edilir və beş daimi üzvdən heç biri veto hüququndan istifadə etməməlidir. Bu mərhələni keçən namizədin adı daha sonra Baş Assambleyada təsdiqlənir.

2012–2024-cü illərdə Seneqala rəhbərlik edən Makki Sall müxalif namizəd Bassirou Diomaye Fayenin prezident seçilməsindən sonra ölkəni tərk edərək Mərakeşə köçüb.