Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Azərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Aleksey Overçuk ilə görüş keçirib.
Görüş zamanı Rusiya tərəfi regionda mövcud olan mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran ərazisindən təxliyəsi zamanı göstərilən operativ dəstəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib.
Danışıqlar çərçivəsində Azərbaycan–Rusiya münasibətlərinin aktual gündəliyi ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər liderlərin 9 oktyabr 2025-ci ildə Düşənbədə keçirilmiş görüşündə əldə olunan razılaşmalara uyğun olaraq, 25 dekabr 2024-cü ildə “AZAL” təyyarəsinin qəzaya uğraması ilə bağlı yaranmış məsələlərin həlli üçün yaxın vaxtlarda kompleks praktik addımların atılacağını vurğulayıblar.
Görüşdə həmçinin iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda nəqliyyat əlaqələrinin genişləndirilməsi və “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə birgə fəaliyyətin davam etdirilməsi məsələləri müzakirə olunub.
Söhbət humanitar mövzulara da toxunulmaqla, ənənəvi dostluq və konstruktiv dialoq şəraitində baş tutub.



